AZ

İrəvanda TƏŞVİŞ: Sərkisyan və Köçəryan cütlüyü qorxuya düşdü

Bakıda separatçı erməni rəhbərləri və digər erməni əsilli şəxslər barəsində çıxarılan məhkəmə hökmləri Ermənistanda açıq təşviş və panika yaradıb.

Ermənistanın keçmiş ədliyyə naziri Gevork Danielyan açıqlamasında bu qərarların guya həm məhkum edilən şəxslər, həm də Ermənistan üçün “son dərəcə təhlükəli nəticələr” doğura biləcəyini iddia edib.

Danielyanın sözlərinə görə, məsələ təkcə emosional reaksiyalarla məhdudlaşmır. Onun fikrincə, Bakıda keçirilən məhkəmə prosesləri dərin siyasi və hüquqi risklər daşıyır və Ermənistanla Qarabağla bağlı tarixi hadisələrin beynəlxalq müstəvidə yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər.

Keçmiş nazir iddia edib ki, əgər bu “məhkəmə aktlarına” qarşı adekvat addımlar atılmasa, beynəlxalq ictimaiyyətdə guya Ermənistanın onilliklər ərzində “aqressiv siyasət” yürütməsi barədə təhlükəli təsəvvür formalaşa bilər.

Bu presedent Azərbaycan xalqının qanına əli batmış sabiq Ermənistan rəhbərliyinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digər cinayətkar fiqurların da eyni aqibətlə üzləşə biləcəyi ehtimalını gücləndirir.

Məhz bu səbəbdən Ermənistanın keçmiş rəsmiləri və revanşist çevrələr Bakıda keçirilən məhkəmə proseslərini “təhlükə” kimi təqdim etməyə, siyasi və hüquqi manipulyasiyalarla prosesi gözdən salmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan xalqına, onun ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı cinayət törətmiş şəxslər üçün toxunulmazlıq dövrü artıq başa çatır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Bakıda separatçı erməni rəhbərləri və digər erməni əsilli şəxslər barəsində çıxarılan məhkəmə hökmləri təkcə konkret cinayət işləri ilə bağlı deyil, bütövlükdə regionda uzun illər formalaşdırılmış saxta siyasi və tarixi narrativlərin hüquqi müstəvidə dağılması deməkdir. Bu proseslərin Ermənistanda təşvişlə qarşılanması, keçmiş ədliyyə naziri Gevork Danielyan kimi fiqurların onları “təhlükəli nəticələr” kimi təqdim etməsi təsadüfi deyil. Əslində, bu narahatlıq hüququn işləməsindən, faktların məhkəmə qərarlarına çevrilməsindən və məsuliyyət zəncirinin yuxarı instansiyalara doğru uzanma ehtimalından qaynaqlanır: “Azərbaycanın mövqeyi aydındır: söhbət siyasi baxışlardan yox, separatçılıq, terrorçuluq, qanunsuz silahlı birləşmələrin yaradılması və idarə edilməsi kimi ağır cinayətlərdən gedir. Müasir beynəlxalq və Avropa hüquqi praktikasında zorakılıqla müşayiət olunan separatizm “siyasi mübahisə” kimi deyil, cinayət-hüquqi məsuliyyət doğuran fəaliyyət kimi qiymətləndirilir. Dövlətin ərazi bütövlüyünə qarşı silahlı fəaliyyət, terror aktları, mülki əhaliyə qarşı zorakılıq heç bir halda “özünüifadə hüququ” ilə əsaslandırılmır. Bakıdakı məhkəmələr də məhz bu universal hüquqi yanaşmaya söykənir. Ermənistanda revanşist dairələri qorxudan əsas məqam ondan ibarətdir ki, Qarabağla bağlı illərlə “mübahisəli tarix” adı altında təqdim edilən hadisələr indi konkret hüquqi faktlar kimi sənədləşir. Şahid ifadələri, sübutlar, əmrlər zənciri, silahlı dəstələrin fəaliyyəti artıq emosional ritorika yox, məhkəmə protokollarının predmetinə çevrilir. Bu isə gələcəkdə təkcə icraçılar deyil, qərar verən siyasi və hərbi rəhbərlərin də hüquqi məsuliyyətə cəlb olunması perspektivini gücləndirir”.

Şərhçinin sözlərinə görə, məhz bu kontekstdə Robert Köçəryan, Serj Sərkisyan və Seyran Ohanyan kimi keçmiş rəhbərlərin adlarının gündəmə gəlməsi təsadüfi deyil:

“Bu şəxslərin və onlara bağlı siyasi qrupların məqsədi hüquqi proseslər fonunda Ermənistanda daxili sabitliyi pozmaq, cəmiyyətdə qorxu və xaos yaratmaq, məhkəmə mövzusunu siyasi isterikaya çevirməkdir. “Təhlükəli nəticələr” ritorikası da əslində hüququn özündən deyil, hüququn onların siyasi gələcəyini təhdid etməsindən doğur. Məqsəd aydındır: məsuliyyətdən yayınmaq üçün hüquqi müstəvini siyasi qarşıdurma və küçə emosiyası ilə əvəzləmək. Azərbaycanın yaratdığı bu hüquqi presedent region üçün mühüm mesaj verir: zorakılığa əsaslanan separatçılıq cəzasız qalmır. Bu, təkcə keçmişin qiymətləndirilməsi deyil, gələcək üçün də çəkindirici mexanizmdir. Eyni zamanda, bu məhkəmə prosesləri regional siyasi balansı daha realist məcraya yönəldə, revanşist xəyalların hüquqi risklər fonunda cazibəsini azalda bilər. Bakıda keçirilən məhkəmələr ədalətin bərpasına doğru atılmış addım olmaqla yanaşı, beynəlxalq hüququn fundamental prinsipini bir daha təsdiqləyir: siyasi şüarlarla ört-basdır edilən terrorçuluq və separatçılıq gec-tez məhkəmə zalında cavab verməli olur. Ermənistanda yaranan narahatlıq isə bu həqiqətin artıq qaçılmaz olduğunu göstərir”.

Samir Əsədli qeyd edib ki, terrorçuluq müstəvisində isə Avropada standart yanaşma daha da sərtdir:

“Avropa Şurasının terrorçuluğun qarşısının alınması ilə bağlı konvensiyası dövlətlərdən terrorçuluğa təhrik, cəlbetmə, təlim kimi hərəkətlərin kriminallaşdırılmasını və təqibini tələb edir. Bu çərçivə “separatçılıq zorakılığa/terrora bağlandığı an artıq siyasi yox, cinayət-hüquqi mövzudur” yanaşmasını gücləndirir”.

Tunar
NOCOMMENT.az

Seçilən
75
nocomment.az

1Mənbələr