Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.
QOL.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir. Yarışın dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb. Onlardan Zəhra Kərimzadə bürünc medal qazanıb.
Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahiro Yoşitakeni 4:1 hesabıyla üstələyib.
Digər güləşçilərimizdən Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Roksana Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kq) isə startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.