AZ

"Sabah" "Araz-Naxçıvan"ı darmadağın edir - YENİLƏNİR

Bazar günü, yəni fevralın 8-də Misli premyer-liqasında növbəti – 19-cu tur başlayacaq. Getdikdə rəqabətin artdığını, mübarizənin kəskinləşdiyini nəzərə alsaq, bizi bir-birindən maraqlı oyunların gözlədiyinə şübhə yoxdu. Odu ki, sözü uzatmadan mətləbə keçək.
Misli premyer-liqası
2-ci dövrə, 19-cu tur
8 fevral
Sabah – Araz-Naxçıvan 3:0
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+1=3-0.
2023/24 – 1:1, 2:0; 2024/25 – 1:1, 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı, “Bank Respublika Arena”. Saat 16.00.
“Sabah” rəqib tanımayan komandaya çevrilir. Masazır təmsilçisi avrokuboklar uğrunda döyüşən “Zirə”nin qapısından ilk 27 dəqiqədə üç cavabsız top keçirməklə liderliyi əldən vermək niyyətində olmadığını bir daha təsdiqlədi. “Bayquşlar” indi növbəti iddialı rəqiblə mübarizədən üzüağ çıxmalı, bununla birinci sıradakı mövqeyini möhkəmlətməlidi. Heç şübhəsiz, qarşılaşmanın favorti Valdas Dambrauskasın komandasıdı. Çünki “Araz-Naxçıvan”ın mövcud durumu da ürəkaçan deyil. Qubada “İmişli”yə qarşı keçirilən matçda “sülh”ə nail olan komanda “doğma divarlar” arasında “Neftçi”yə böyük hesabla uduzdu. Həmin matçda “qırmızı-ağlar”ın həm hücum, həm də müdafiə xəttində ciddi problemlərin olduğunu gördük. Naxçıvanlıların yeni baş məşqçisi Andrey Demçenko “ağ-qaralar”la görüşdən sonra ciddi irəliləyiş ədlə edə bilməyibsə, “Sabah”la oyunda da uğursuzluğa düçar olmaq ehtimalı böyükdü.
Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bu oyunların 3-də “Sabah”, 1-də “Araz-Naxçıvan” qələbə qazanıb, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində “bayquşlar” öndədi – 11:9.
Sumqayıt – Zirə
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 20:+5=5-10, 10:25.
2015/16 – 0:0, 0:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 2:1, 1:2; 2018/19 – 1:0, 0:1; 2019/20 – 1:2, 2:1; 2020/21 – 2:1, 0:0; 2021/22 – 0:3, 0:1; 2022/23 – 0:2, 0:3; 2023/24 – 0:0, 0:0; 2024/25 – 0:2, 0:3.
Cəzali: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.30.
Bəli, bu komandalar ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda qarşılaşdı və qalib müəyyənləşmədi. Lakin “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov demişkən, premyer-liqa oyunu fərqli olacaq. Əslində bu, həm də məcburiyyətdi. Ona görə ki, çempionatda heç-heçə nə “kimyaçılar”a sərf edir, nə də “qartallar”a. Saşa İliçin yetirmələri ilk “dördlük”dəki yerini qorumaq istəyirsə, rəqibi məyus yola salmalıdı. Qonaqlar isə mövqeyini yaxşılaşdırmaq uğrunda tər tökməlidi. Hər halda, turnir cədvəlindəki durum 8-ci sırada qərarlaşan “Şamaxı”nın belə 4-cü sıradakı “Sumqayıt”dan çox da geridə olmadığını göstərir. Belədə yalnız qələbəni hədəf götürməkdən başqa çarə qalmır.
Bu komandalar indiyə qədər 40 dəfə qarşılaşıb. Bu matçlardan 6-da “kimyaçılar”, 23-də “qartallar” qalib gəlib. 11-də “sülh” qeydə alınıb. Topların nisbətində qəsəbə təmsilçisi öndədi – 57:24.
9 fevral
İmişli – Kəpəz
“İmişli” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
Premyer-liqa matçı üçün heç də uyğun görünməyən idman qurğusunda növbəti oyuna şahidlik edəcəyik. Kuboku da nəzərə alsaq, son 7 qarşılaşmada qələbə üzü görməyən “pələnglər” bu görüşdə tilsimi qırmağa çalışacaq. Öz aramızdı, daha bir xal itkisi “İmişli”nin təhlükəli zonaya yaxınlaşmasına səbəb olacaq. Bu səbəbdən “Kəpəz”ə qalib gəlmək şərtdi. Ancaq Gəncə təmnsilçisinə də yuxarıdan aşağı baxmaq olmaz. Qeyri-sabit nəticələrə imza atan “sarı-göylər” xal ehtiyatını artırmaq üçün uğur qazanmağa cəhd göstərəcək.
Maraq üçün qeyd edək ki, bu komandaların ilk qarşılaşması böyük hesabla nəticələnib: ötən il keçirilən görüşdə “İmişli” səfərdə “quru” hesabla qalib gəlib – 3:0.
Turan Tovuz – Karvan-Yevlax
“Turan Tovuz” bu rəqiblə evdə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Bakı, “Azərsun Arena”. Saat 18.30.
“Turan Tovuz” ötən həftə “Qarabağ”dan üstün performans sərgiləsə də, məğlubiyyətlə barışmalı oldu. Düzdü, bəlkə Elçin Məsiyev səhvə yol verməsə, daha doğrusu, 44-cü dəqiqədə Mateus Silvaya qarşı təcavüzkar davranışa yol verən İbrahima Vacini meydandan qovsa, bu gün fərqli danışacaqdıq. Lakin indi “bozqurd”un inamlı oynadığını deməliyik. Rəqib “Karvan-Yevlax”dı. Söhbət mövsüm ərzində ilk və sonuncu qələbəsini avqustda qazanan komandadan gedir. Düzdü, əslində məhz belə rəqiblərdən çəkinmək lazımdı. Çünki yevlaxlılar hər məğlubiyyətin onları 1-ci liqaya yaxınlaşdırdığının fərqindədi. Görək, “bozqurd” rəqibin vəziyyətindən faydalana biləcək, yoxsa Suraxanıda sürprizə şahidlik edəcəyik?
Qeyd edək ki, bu komandalar indiyə qədər bir dəfə qarşılaşıb. İlk dövrədə baş tutan matçda hər iki komanda qol vurub. Tovuz təmsilçisi səfərdən qalib dönüb – 2:1.
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Sabah” son 7 matçda qol vurub və uduzmayıb. Son 3 qarşılaşmada qollu heç-heçə qeydə alınıb.
// “Zirə” son 5 oyunda qalib gəlib. “Sumqayıt” son 20 matçda qələbə qazanmayıb.

Seçilən
81
football-plus.az

1Mənbələr