AZ

Şeyxülislam və Roma Papaları-Dövlət maraqlarına xidmət edən dialoq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə gedib. Bu səfər təkcə dini xarakterli protokol görüşü kimi qiymətləndirilə bilməz. Səfərin Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı, Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutması onun əhəmiyyətini daha da artırır.

Bu səfər bir neçə istiqamətdə diqqət çəkə bilər.

Azərbaycan uzun illərdir multkulturalizm siyasətini dinlərarası harmoniyanın nümunəsi kimi təqdim edir. Prezident İlham Əliyevin əsas siyasi prioriteti olan tolerantlıq dünyada dəstəklənir. Şeyxülislam Allahşükür Paşazadə isə bu siyasətin beynəlxalq platformalarda aparıcı təbliğatçılarından biridir. Vatikan kimi qlobal dini mərkəzin rəhbərinin şəxsi dəvəti faktiki olaraq Azərbaycanın tolerantlıq siyasətinə verilən önəmin göstəricisi kimi də qiymətləndirilə bilər.

Bu görüş islam–xristian dialoqu baxımından da əhəmiyyət daşıyır. Qlobal miqyasda dini radikalizm, islamofobiya və antisemitizm kimi çağırışların artdığı bir dövrdə Bakı–Vatikan əməkdaşlığı sülh mesajı kimi çıxış edə bilər.

Səfərin geosiyasi konteksti də diqqətçəkəndir. Çünki Vatikan yalnız dini mərkəz deyil, eyni zamanda diplomatik aktordur. Müqəddəs Taxt-Tac beynəlxalq münasibətlər sistemində özünəməxsus nüfuza malikdir və bir çox həssas münaqişələrdə vasitəçi rolunda çıxış edib.

Bu baxımdan Şeyxülislamın səfəri Cənubi Qafqazda post-münaqişə dövrünün reallıqları fonunda vacib mesajdır. Bu, Qarabağ münaqişəsinin həllindən sonra sülh və birgəyaşayış gündəmin beynəlxalq dini platformalarda müzakirəsi Azərbaycanın mövqeyinin daha geniş auditoriyaya çatdırılması baxımından önəmli ola bilər.

Azərbaycan ilə Vatikan arasında münasibətlər son illər ardıcıl şəkildə inkişaf edib. Heydər Əliyev Fondu tərəfindən Vatikanda tarixi-dini abidələrin bərpasına göstərilən dəstək, yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin dərinliyini göstərir. Şeyxülislam Allahşükür Paşazadənin səfəri bu əməkdaşlığın dini diplomatiya müstəvisində davamı kimi qiymətləndirilə bilər. Roma Papasının şəxsi dəvəti protokol çərçivəsindən kənar, xüsusi ehtiram göstəricisidir. Bu, Şeyxülislamın beynəlxalq dini platformalarda formalaşdırdığı nüfuzun təsdiqi kimi də dəyərləndirilə bilər.

Belə bir səfər yalnız iki dini liderin görüşü deyil, həm də İslam və Katolik dünyası arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm jestdir.Son 35 ildə Şeyxülislam Allahşükür Paşazadə ilə Roma Papaları arasında formalaşan isti və qarşılıqlı etimada əsaslanan münasibətlər təkcə dini xarakter daşımayıb. Bu əməkdaşlıq paralel olaraq Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə xidmət edən mühüm diplomatik münasibətlərə çevrilib.

Bu münasibətlərin dövlət üçün bir neçə strateji faydası olub.

Qeyd etdiyimiz kimi Vatikan qlobal miqyasda ən nüfuzlu dini-siyasi mərkəzlərdən biridir. Onun 180-dən çox ölkə ilə diplomatik əlaqələri var və beynəlxalq platformalarda ciddi təsir imkanlarına malikdir.

Roma Papaları ilə formalaşmış isti münasibətlər Azərbaycanın tolerant və multikultural ölkə imicini gücləndirib, ölkənin islam dünyasında moderasiya modeli kimi təqdim olunmasına imkan yaradıb, həmçinin Qərb ictimai rəyində balanslı və dialoqa açıq ölkə obrazını möhkəmləndirib. Bu, xüsusilə islamofobiya meyllərinin gücləndiyi dövrlərdə Azərbaycanın fərqli model kimi təqdim edilməsinə kömək edib.

QMİ–Vatikan əlaqələri rəsmi dövlət diplomatiyasını tamamlayan paralel və yumşaq güc alətinə çevrilib. Bəzi məsələlər var ki, onlar siyasi kanallarla deyil, dini və humanitar platformalar vasitəsilə daha rahat müzakirə edilir. Bu baxımdan Qarabağ münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyinin xristian dünyasına çatdırılmasında, post-münaqişə mərhələsində sülh və birgəyaşayış mesajlarının verilməsində, dinlərarası harmoniyanın təşviqində bu münasibətlər mühüm rol oynayıb. Vatikanın balanslı mövqeyi və Azərbaycana qarşı neqativ ritorikadan uzaq qalması da bu etimad mühitinin nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan–Vatikan əlaqələri təkcə siyasi deyil, həm də mədəni müstəvidə inkişaf edib. Azərbaycanın Vatikanda tarixi abidələrin bərpasına verdiyi töhfələr, qarşılıqlı səfərlər və dini-mədəni layihələr ölkənin sivilizasiyalararası körpü rolunu gücləndirib.

Bu layihələr Azərbaycanın xristian irsinə hörmətini nümayiş etdirib, Qərb dini dairələrində ölkəyə münasibəti müsbət istiqamətdə formalaşdırıb, humanitar diplomatiyanın effektiv alətinə çevrilib.

Şeyxülislam Allahşükür Paşazadənin Roma Papaları ilə uzunmüddətli şəxsi münasibətləri Azərbaycanı beynəlxalq dini dialoq platformalarında görünən aktora çevirib.

Bu isə Bakının beynəlxalq forum və konfranslar üçün mərkəzə çevrilməsinə, Azərbaycan modelinin müxtəlif tribunalarda təqdim olunmasına, dövlətin yumşaq güc resurslarının artmasına töhfə verib.

35 illik əməkdaşlıq göstərir ki, dini diplomatiya yalnız mənəvi sahə deyil, eyni zamanda geosiyasi və strateji əhəmiyyət daşıyan alətdir. Bu əməkdaşlıq faktiki olaraq Bakı ilə Vatikan arasında etimada əsaslanan sabit körpü yaradıb. Bu körpü dövlət maraqları baxımından ciddi dividendlər verib.

Fevralın 9-da baş tutacaq səfər dini müstəvidə hadisə olmaqla yanaşı, həm də ictimai-siyasi məzmun daşıyan bir səfərdir. Bu, Azərbaycanın dinlərarası dialoq siyasətinin beynəlxalq platformada daha da möhkəmlənməsi, həmçinin yeni Roma Papası ilə münasibətlərin möhkəmlənməsi baxımından əlamətdar ola bilər.

A.ABBASOV

 

 

 

AzPost.az

Seçilən
65
1
azpost.info

2Mənbələr