Misli Premyer Liqasında baş tutan “Sumqayıt” - “Zirə” (2:3) matçında qəribə hadisə qeydə alınıb.
Sportinfo.az xəbər verir ki, “Zirə”nin heyətində iki futbolçunun geyimi azarkeşlərin diqqətindən qaçmayıb.
Belə ki, komandanın müdafiəçiləri Anqe Mutsinzi və Enrike Gelain meydanda bir-birilərinin nömrələrini daşıyan şortlarla mübarizə aparıblar.
Oyun zamanı Gelain Mutsinziyə məxsus 25 nömrəli, Mutsinzi isə Gelainə aid olan 5 nömrəli şortu geyinib. Futbolçuların formalarındakı nömrələrlə şortlarındakı nömrələrin uyğun gəlməməsi isə texniki xəta kimi qiymətləndirilir.
Legionerlərin geyim dəsti və üzərindəki nömrələr protokolda qeyd edilən rəqəmlərlə üst-üstə düşməlidir.
Bu cür texniki qüsurlara görə klubların AFFA İntizam Komitəsi tərəfindən maliyyə sanksiyasına məruz qalması ehtimalı yüksəkdir.
Xatırladaq ki, “Zirə” hazırkı duruma görə, turnir cədvəlində 32 xalla 3-cü yerdə qərarlaşıb. “Sumqayıt” isə 30 xalla beşinci yerdədir.