Ağdamın Qarabağ FK klubu Fransanın FC Lorient komandasının hücumçusu Sambou Soumano ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Xpress.az Herbiand.az -a xəbər verir ki, transferin 1–2 gün ərzində rəsmiləşdirilməsi gözlənilir.
Ağdam təmsilçisi 24 yaşlı seneqallı forvard üçün klubuna 2,5 milyon avro əsas məbləğ və əlavə 500 min avro bonus təklif edib. Beləliklə, ümumi paket 3 milyon avroya çatır.
İnsayder jurnalist Rudi Galetti sosial şəbəkədə paylaşım edərək bildirib ki, “Qarabağ”ın təklifi indiyədək futbolçu ilə maraqlanan digər klubların irəli sürdüyü bütün təklifləri üstələyir. Bu da transferin reallaşma ehtimalını xeyli artırır.
Sambu Sumano əsasən mərkəz hücumçusu mövqeyində çıxış edir. Sürəti, fiziki gücü və cərimə meydançasında effektivliyi ilə seçilən futbolçu karyerası ərzində Fransa çempionatının aşağı və orta səviyyəli klublarında forma geyinib. O, “Loryan”a transfer olduqdan sonra həm əsas heyətdə, həm də icarə əsasında digər komandaların heyətində çıxış edib.
Transfer baş tutacağı halda, bu, “Qarabağ”ın son illərdə etdiyi ən bahalı keçidlərdən biri ola bilər. Klubun avrokuboklardakı ambisiyaları və hücum xəttini gücləndirmək planı fonunda Sumano transferi strateji addım kimi qiymətləndirilir.
Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə həm daxili çempionatda, həm də avrokuboklarda iddialı heyət formalaşdırmağı hədəfləyir. Sumano transferinin reallaşması hücum xəttində rəqabəti daha da artıracaq.