Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyada işəgötürənlər arasında yeni və sərt tendensiya formalaşır: siqaret çəkən namizədlər getdikcə daha çox arzuolunmaz hesab olunur. Musavat.com xəbər verir ki, kadr şirkətlərinin məlumatına görə, artıq müştəri-işəgötürənlərin təxminən 50 faizi vakansiyalar üzrə siqaret çəkən namizədlərə ümumiyyətlə baxmaq istəmir. Halbuki əvvəlki illərdə işə qəbul zamanı bu məqama ciddi əhəmiyyət verilmirdi. İndi isə vəziyyət dəyişib. Şirkətlər siqaret çəkməyi əmək intizamını zəiflədən və gizli xərclər yaradan amil kimi qiymətləndirirlər. İş prosesindən tez-tez ayrılmalar, fasilələrin çoxalması və ümumi məhsuldarlığın azalması işəgötürənləri bu mövqeyə gətirib. Kadr mütəxəssisləri bildirir ki, bəzi sahələrdə vəziyyət daha da kəskindir. Xidmət sektoru və tikinti sahəsində siqaret çəkənlərin payı 25–30 faizə çatır. Bu da yüz nəfərlik kollektivdə azı 20 nəfərin mütəmadi olaraq iş prosesindən kənarlaşması anlamına gəlir.Siqaret çəkən namizədlərin işdən kənarlaşdırılması əmək qanunvericiliyinə zidd hesab oluna bilərmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan vəkil Əkrəm Həsənov bildirib ki, adətən bu cür yanaşmalar şirkətlərin rəsmi qaydalarında açıq şəkildə göstərilmir.
Əkrəm Həsənov
“Hər bir işəgötürənin öz daxili siyasəti var və bu siyasət namizədlərin irqi, milliyyəti, cinsi və ya dini mənsubiyyətinə görə fərqləndirilməsini nəzərdə tutmur. Çünki bu meyarlar iş prosesinə təsir etmir. Lakin siqaret çəkmək, əlbəttə iş mühitinə təsir göstərə bilər. Tez-tez verilən fasilələr, gigiyenik problemlər, xüsusilə də siqaret qoxusu bir çox əməkdaş üçün narahatlıq yaradır. Bir çox insanlar siqaret çəkən şəxslərlə eyni otaqda işləmək istəmir və bu da iş ahənginə mənfi təsir göstərir.
Sağlam həyat tərzinin təşviqi bu baxımdan normal qarşılanmalıdır. Adətən bu cür yanaşmalar şirkətlərin rəsmi qaydalarında açıq şəkildə göstərilmir və daha çox faktiki münasibət səviyyəsində özünü göstərir. Vakansiya elanlarında da bu məqam qeyd olunmur. Bununla belə, əgər namizəd peşəkar baxımdan kifayət qədər güclüdürsə, siqaret çəkməsindən asılı olmayaraq işə qəbul edilə bilər. Yəni yəni bu da o demək deyil ki, hamını işə götürmürlər. Söhbət siqaret çəkənlərin tamamilə istisna edilməsindən getmir. Sadəcə, namizədlər arasında ciddi fərq yoxdursa, üstünlük sağlam həyat tərzi sürən şəxsə verilə bilər. Bu da tamamilə normal yanaşmadır”-deyə Əkrəm Həsənov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.