Bələdiyyələrin birləşməsindən və seçkilərindən sonra ötən ildə ölkə bələdiyyələrinin fəaliyyətinin yaxşılaşdırılması, yerli büdcə gəlirlərinin artırılması, onların maliyyə imkanlarının gücləndirilməsi, bələdiyyələrə dövlət dəstəyinin artırılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir çox işlər görülüb.
Ölkə.az xəbər verir ki, bunu deputat Kamran Bayramov Milli Məclisin Regional məsələlər komitəsində Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki. bu gün bələdiyyələrin gələcək inkişaf perspektivləri ötən ildə yeni seçilmiş tərkiblərdən, yerli büdcələrinin artırılmasından birbaşa asılı olacaq. “Çünki cəmiyyətdə real nüfuz və etimad qazanmaq üçün onlar bələdiyyələrin fəaliyyətini zamanın tələblərinə və əhalinin tələbatlarına uyğun qurmalıdır. Ona görə də, bələdiyyə sistemində hökmən əsaslı və köklü islahatlar davam etdirilməlidir, amma təəssüf ki, müəyyən problemlər qalmaqdadır”. – o qeyd edib.
Bələdiyyələrin problemlərini qeyd edən deputat bildirib ki, bunlar aşağıdakılardır:
“Bələdiyyə xəritələrinin və mülkiyyət sənədlərinin verilməsi problemi qalmaqdadır ki, bu da bələdiyyələrin inkişafına və maliyyə baxımından güclənməsinə ən böyük maneədir.
- Bələdiyyələrin borcları problemi
Birləşmiş bələdiyyələrin təxminən 100-nün hesabı sosial müdafiə ödənişləri üzrə yaranmış borclardan bağlıdır, sual olunur ki, onlar necə fəaliyyət göstərirlər, nə iş görürlər, vətəndaşlara necə xidmət göstərirlər? Elə məruzədə də bu problemli məsələ qabardılmır, onun həlli yolları göstərilmir, müvafiq təkliflər verilmir.
- Dotasiyaların və subvensiyaların ayrılması problemi
Onların verilməsi mexanizmində və meyarlarında müəyyən dəyişikliklərə ehtiyac var. Dotasiyaların bölüşdürülməsi əsasən əhalinin sayına görə həyata keçirilir, amma burada borcu olan bələdiyyələrə daha böyük üstünlük verilməlidir ki, borcları ödəsinlər və normal qaydada işləyə bilsinlər.
- Qəbiristanlıqların idarə edilməsi problemi
Son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş Qaydaların icrasında da müəyyən çətinliklər var. Belə ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara şamil edilmir, yalnız yeni salınan qəbiristanlıqlara şamil olunur, amma bəzi mövcud qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Düşünürəm ki, Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər.
- Bələdiyyələrin saxlanmasına çəkilən xərclər problemi
Bələdiyyələrin icra aparatının nümunəvi strukturu hazırlanıb təsdiq edilməlidir. Hesab edirəm ki, icra aparatlarının formalaşdırılması bələdiyyə sədrinin ixtiyarında olana qədər bələdiyyə xərclərinə qənaət edilməsində çətinliklər olacaq. Bu sahədə qanunvericilik təkmilləşdirilməlidir. Bələdiyyələrin icra aparatlarının strukturuna yenidən baxılmalıdır, müəyyən meyarlar əsasında bələdiyyələrin nümunəvi strukturu hazırlanıb təsdiq edilməlidir.
- Bələdiyyələrin beynəlxalq əməkdaşlığı problemi
Bununla bağlı işlər ildən-ildə zəifləyir, ötən illərin əməkdaşlıq coğrafiyası olduqca məhduddur”.
Mürtəza