AZƏRBAYCAN DİLİNİN DÖVLƏT STATUSU KİMİ FORMALAŞMASI
HEYDƏR ƏLİYEV Ümummilli Lider Azərbaycan dili- Azərbaycan Respublikasının rəsmi Dövlət dilidir.Dil millətin əsas şərtlərindən, atributlarından biridir və milliyyətindən asılı olmayaraq hər bir insana xas olan ünsiyyət vasitəsidir.Hər bir xalqı yaşadan, tarixini qoruyub saxlayan,mədəniyyətini inkişaf etdirən onun dilidir. İnsanın dilini,nitqini əvəz edə və ya ona bərabər ola biləcək ikinci bir mənəvi keyfiyyəti təsəvvür etmək çətindir.Dil insana xas olan, bütün hissləri ifadə edən bir vasitədir.Hər bir insanın ilk ünsiyyəti onun doğulub boya-başa çatdığı ailəsindən başlayır.İnsan ilk kəlmələri ailəsində,anasından eşidir,bəlkə də elə buna görə daşıyıcısı olduğumuz dil Ana dili adlanır. Ana dili hər bir insana əzizdir,doğmadır,eləcə də Ana dili doğmalığı ilə bərabər,əvəzolunmazlıq,xoşbəxtlik simvoludur.Təsadüfi deyildir ki,vətənimizdən kənarda,hər hansı bir xarici ölkədə olduğumuz zaman Ana dilimizdə bir kəlmə söz eşidəndə sevinirik,ürəyimiz fərəh hissi ilə dolur.Ana dili hər bir xalqın qürur mənbəyidir,o cümlədən,azərbaycan dili bizim qürur mənbəyimizdir.Azərbaycan dili,və ya Azərbaycan türkçəsi dünyada yaşayan 50 milliondan artıq insanın Ana dilidir. Ana dilimiz bizə ata-babalarımızdan qalan,dəyəri heç nə ilə ölçülməyən mirasdır,xəzinədir. Xalqımızın hər bir nümayəndəsinin borcu dilimizi,onun saflığını qoruyub saxlamaqdır.Tarix boyu Azərbaycan xalqı öz Ana dilini min bir əziyyətlə qoruyub saxlamışdır və bu gün Azərbaycan dili milyonlarla insanın ana dili olması ilə yanaşı, eyni zamanda,müxtəlif millətlərin nümayəndələrinin öyrənmək istədiyi bir dilə çevrilmişdir. Əcnəbi vətəndaşların Azərbaycan dilini xarici dil kimi öyrənib,dilimizi mükəmməl bilməyə can atmaqları Azərbaycanın dünyada olan nüfuzundan xəbər verir.Azərbaycan dilində elmi tədqiqatlar aparılır,dərsliklər nəşr olunur, bədii,elmi əsərlər yazılır,dünyanın yüksək kürsülərindən nitqlər söylənilir. Dünyada öz dili, dövləti olan xalqlar çox deyil,ona görə də bu gün biz dilimizin qədrini bilməli,onu qorumalı,inkişaf etdirməli və yüksək səyiyyədə gələcək nəsillərə çatdırmalıyıq.Bu,hər bir azərbaycanlının üzərinə düşən mənəvi bir borcdur.Yuxarıda qeyd etdiyimiz kimi,Azərbaycan dilinin ən yüksək statuslarından biri onun Dövlət dili olmasıdır.Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə,milli dövlətçilk tarixinin qızıl səhifəsidir,bu məqam millətin millət olaraq təsdiqidir.Dilin dövlət dili statusuna yüksəlməsi dövlətin qüdrətinin,dilin zənginliyinin sübutudur. Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk ana dili haqqında demişdir: “Sağdır dilim, demək, sağdır şərafətim,ləyaqətim. Sağdır, demək, milyard yaşlı məmləkətim.” Şair iki misrada Ana dilinin insanın şəxsiyyətinə,kimliyinə,vətəninə,dövlətinə böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Azərbaycan dilinin ilk rəsmi dövlət statusu Azərbaycan Xalq Cümhuriyyəti Respublikası tərəfindən 1918-ci il iyulun 27-si elan edilir,daha sonra 1992-ci ildə bəyannamə imzalanır,1995-ci ildə Referendumla qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili olduğu təsdiqlənir.Dövlətimiz hər zaman Azərbaycan dilinin inkişafına,qorunmasına xüsusi qayğı göstərib. 2001-ci il ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən 1 avqust hər il respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili günü “kimi qeyd olunur. Azərbaycan Respublikası Konstitusiyasının 21maddəsinin I-ci hissəsinə müvafiq olaraq Azərbaycan dilinə dövlət dili statusu verilir və bu qərar Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapır. Dilə yüksək qiymət vermək ilk növbədə onu qorumaqdır,bu məsuliyyəti hər bir vətənini,dilini sevən Azərbaycanlı öz çiyinlərində hiss etməlidir. Hər bir azərbaycanlı fikrini ifadə edərkən dilimizə məxsus olan sözlərdən daha çox istifadə etməli,onu başqa dillərdə olan alternativ ifadələrdən qorumalı, dilimizin saflığının,təmizliyinin keşiyində durmalıdır.Tarix sübut edir ki, bu gün Azərbaycan dilinin Ana dili kimi qorunub saxlanmasında Azərbaycan ziyalılarının böyük danılmaz xidmətləri olub və bu missiya bu gün də vətənini sevən ziyalılar,alimlər tərəfindən davam etdirilir.Bu məqamda vətənini sonsuz sevgi ilə sevən,ona misilsiz xidmətlır göstərən Ümummilli Lider,Ulu Öndər Heydər Əliyevin sözləri yerinə düşür:”Mən fəxr edirəm ki,türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir,bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”. Azərbaycan dili dərin köklərə, qədim tarixə,mədəniyyətə malik olan bir dildir,bu dildə çoxsaylı ədəbi əsərlər yaradılması buna əyani sübutdur.Azərbaycan ədəbiyyatına nəzər saldıqda onun qədim,dərin köklərə malik olduğunun şahidi oluruq.Müasir Azərbaycan dili bu gün elmin,həyatın bütün sahələrində uğurla işlənilir,eləcə də dilimiz bu gün bütün istiqamətləri əhatə edir:tibb,iqtisadiyyat,ədəbiyyat,tarix ,mədəniyyət,müxtəlif yaradıcılıq sahələri və s. Azərbaycanın vətənpərvər, peşəkar,savadlı övladlarının sayəsində bu gün Ana dilimizdə təhsil alırıq,elmi ixtiralar edilir, dissertasiyalar müdafiə olunur.Şübhəsiz ki,bir xalq üçün dilini qorumaq,inkişaf etdirmək çox böyük nailiyyətdir, lakin tarix sübut edir ki,bu nailiyyət hər zaman xalqının önündə gedən ziyalılarımızdan böyük cəsarət,mübarizlik,mərdlik tələb etmişdir,buna görə xalqımız öz dahilərinə borcludur. Hər bir sevgi hörmətdən başladığı kimi Ana dilimizə olan sevgi də ilk növbədə ona hörmətdən başlayır.Hər bir azərbaycanlı öz dilinə sevgi,hörmət, qayğı ilə yanaşmalı,dilimizi digər xarici dillərdən üstün tutmalıdır.Danışarkən orfoepik qaydalara riayət etsək, sözlərin tələffüzü zamanı yaranan problemləri yerində aradan qaldırsaq dilimizi qorumuş və bizdən sonra gələn nəsillərə düzgün çatdıra bilmiş olarıq,çünki dili qorumaq bu cür məqamlardan başlayır.Ana dilinin istifadəsini,inkişafını,qorunmasını şərti olaraq bir neçə mərhələyə bölmək olar. Dilimizi qorumaq, inkişaf etdirmək, cəmiyyətimizin özəyi olan ailədən başlayır,daha sonra təhsili, KİV-ni əhatə edir. Ailədə uşaq dil açır, ilk kəlmələri eşidir və danışmaq öyrənir,daha sorna bu prosess ardıcıl olaraq uşaq bağçalarında,orta məktəblərdə, ali məktəblərdə,müxtəlif elm ocaqlarında davam etdirilir. Müasir ədəbi dilin saflığının qorunmasında KİV-nin də rolu böyükdür,çünki KİVgeniş auditoriyaya malikdir,o, hər bir evə asanlıqla daxil olaraq gənc nəslin maariflənməsində,tərbiyələnməsində əvəzsiz rol oynayır. Elmin-texnikanın inkişafı nəticəsində bu gün insanlar daha çox KİV-dən istifadə edirlər,hətta demək olar ki,çox zaman dinləməyə daha çox üstünlük verirlər. Ana dilimiz müxtəlif dövlərdə çox çətin sınaqlardan keçmişdir, zaman-zaman nəinki danışmaq , hətta Azərbaycan dilində əsərlər yazıb-yaratmağa müxtəlif qadağalar və məhdudiyyətlər qoyulmuşdur.Hələ dahi Nizami Gəncəvi yaradıcılığından başlayaraq,sovetlər dövrü daxil olmaqla dilimizdə yazıb-yaradan dahilər,ziyalılar,söz ustadları müxtəlif təqiblərə məruz qalır,Azərbaycan dilində yazılan əsərlərə müəyyən qadağalar qoyulurdu.Bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın layiqli övladları, ziyalıları Azərbaycan dilində qorxmadan yazıb-yaradır,hətta bu gün yüksək qürur hissi ilə deyə bilərik ki,yadellilərin Azərbaycan dilində yazıb-yaratmağa bu cür “qısqanc” münasibəti olmasına baxmayaraq, Azərbaycan dahilərinin,yazarlarının əsərləri digər dillərə uğurla tərcümə olunur. Azərbaycan əlifbası yüz il ərzində bir neçə dəfə dəyişdirilmişdir,hələ heç bir xalqın əlifbası yüz il ərzində bu qədər dəyişikliyə məruz qalmamışdır. Əlifbamızın bu cür dəyişdirilməsi nəsillər arasında bir-biri ilə anlaşmağa çətinliklər yaradırdı.Ərəb,latın,kirill qrafikaları arasında üç dəfə dəyişikliklərə məruz qalmaq xalq arasında çaşqınlığa səbəb olurdu.İlk böyük dəyişiklik 1929-cu ildə latın qrafikasına keçid oldu,daha sonra1940-cı ildə əlifbamız kiril əlifbasına keçirilir, daha sonra isə 1991-ci ildə yenidən latın əlifbasına keçid edilir. Təsəvvür etmək çətin deyildir ki, insanlar, nəsillər biri-biri ilə anlaşmamaq kimi çətinliklərlə üzləşmək məcburiyyətində qalırdılar.Bu dəyişikliklər xalqın mədəniyyətinə, maariflənməsinə,milli kimliyinin formalaşmasına böyük zərbələr vururdu.Misal olaraq təsəvvür edək ki,1940-cı ilə qədər bir əlifba ilə təhsil alan nəslin azərbaycanlı uşaqları,1941-ci ildən fərqli bir əlifba ilə təhsil almaq məcburiyyətində qalırdılar.Sözsüz ki,bu cür dəyişikliklərin hamısı məqsədyönlü şəkildə edilirdi. Kiril qrafikası Azərbaycanda 50-ildən çox istifadə olundu,lakin dilin səs sisteminə uyğunlaşdırmaq üçün dəyişdirildi(məsələn 1947-ci ildə «Ц» hərfi,1958-ci ildə isə digər rus hərfləri çıxarıldı),Azərbaycan dilinə uyğunlaşdırılması məqsədi ilə yeni(məsələn”G”,”Ğ”,”C”)hərflərini ifadə edən daha fərqli qrafik təsvirli hərflər yaradıldı.1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə latın qrafikasına keçid qərarı verildi.Bu dəyişiklik Azərbaycanda əlifbanın yalnız yazı vasitəsi yox,eləcə də milli kimliyin,mədəniyyətin,siyasi oriyentasiyanı müəyyənləşdirilməsinə öz təsirini göstərdi,qardaş Türkiyə Cümhuriyyəti ilə də yaxınlaşmaqda mühüm rol oynadı. XX əsrin əvvəllərində təhsil,müəllim kadrları ilə bağlı məsələlər acınacaqlı durumda idi.Bu məqsədlə 1906-cı ilin 15 avqust tarixində başlanıb,30 avqustda başa çatan Azərbaycan müəllimlərinin I Qurultayı ilə bağlı geniş hazırlıq işləri görüldü.İlk Qurultay Azərbaycan təhsil tarixində mühüm rol oynadı.Bu Qurultayın təşkili və keçirilməsində Azərbaycan ziyalılarından H.B.Zərdabi,N.Nərimanov,S.S.Axundov A.Şaiq,F.B.Köçərli böyük fəallıq göstərdilər. Müasir dövrə gəldikdə,ölkə rəhbəri cənab Prezident İlham Əliyev hər zaman öz Ana dilinə xüsusi qayğı ilə yanaşmışdır.O,öz müsahibələrində müasir Azərbaycan dilinin zənginləşdirilməsi,qorunması,saflığının təmin edilməsi istiqamətində ardıcıl çağırışlar,tövsiyyələr edir.Cənab Preazidentin Azərbaycan dilinə qayğı ilə yanaşması cəmiyyətimizdə,gənclər arasında dilimizi sevməyə stimul yaradır.Müasir Azərbaycan vətəndaşı bir neçə xarici dil bilməyi təqdirə layiqdir, lakin bir şərtlə ki, öz Ana dilini mükəmməl bilsin.Azərbaycanın Ümummilli Lideri,Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin forumunda öz çıxışında demişdir:” Mən istəyirəm ki,Azərbaycanda insanlar Şekspiri inglis,Puşkini rus,Nəsimini,Nizamini,Fizulini Azərbaycan dilində oxusunlar”.:” Ulu Öndərin layiqli davamçısı,Heydər Əliyev siyasətini müvəffəqiyyətlə davam etdirən Cənab Prezident İlham Əliyevin bir neçə xarici dildə mükəmməl danışması heç kimə sirr deyil,lakin buna baxmayaraq,onun öz ana dilində səlis və nitqində bir dəfə də olsa xarici sözlərdən istifadə etməməsi böyük peşəkarlığın nümunəsidir. Müasir Azərbaycan gəncinin öz dilini sevməməyə nə ixtiyarı, nə də ki mənəvi haqqı yoxdur,çünki tariximizə nəzər salanda istər dilimizin,istər tariximizin necə bir keşməkeşli yollardan keçməsini görməmək mümkün deyil.Ata-babalarımızdan miras qalan torpaqlarımız,əlifbamız,dilimiz bizə göz bəbəyimiz kimi qorunması vacib olan bir əmanətdir,əks halda nə babalarımız,nə də tarix bunu bizə bağışlamaz. Müasir Azərbaycan sürətlə inkişaf edir.Bu inkişaf hər bir sahədə özünü göstərməkdədir,o cümlədən də dilçilik sahəsində.Azərbaycan dilinə qayğı ölkəmizdə gündən-günə artır.Bu gün ölkəmizin qeyri-milli məktəblərində Azərbaycan dilinə olan maraq artmaqdadır.Hamıya məlumdur ki,ali məktəblərə qəbul zamanı şagirdlər ilk növbədə Azərbaycan dilindən imtahan verirlər.Bundan başqa dövlət qulluğu üçün verilən imtahanlarda Azərbaycan dili prioritet yerlərdədir.Ölkəmizə səyahətə gələn turistlər Azərbaycan dilini öyrənməyə can atırlar,xarici ölkələrdə insanlar Azərbaycan dilini xarici dil kimi öyrənirlər. Azərbaycan dünyada, MDB ölkələri arasında, cənubi Qafqazda böyük nüfuz və söz sahibidir.Artıq Azərbaycan Turan türk birliyinin fəxri üzvüdür.Bu faktorlar da bir daha Azərbaycan dilinin inkişafına öz töhfələrini verməkdədir.Azərbaycanın tanınmış şairi,məhşur söz ustadı Məhəmməd Hadi öz əsərində yana-yana bu misraları qeyd edirdi:”Yox millətimin xətti imzalar içində”.Lakin yüksək qürur hissi ilə qeyd etmək istərdik ki,”Var millətimin xətti imzalar içində”. Allah Azərbaycanın quruculuğunda xidmətləri olan hər bir kəsi qorusun! Uca Tanrı millətimizi, vətənimizi ,Prezidentimizi qorusun!Sonda məqaləni böyük şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri ilə tamamlamaq istəyirik. Bu dil bizim ruhumuz,eşqimiz,canımızdır, Bu dil bir-birimizə əhdi-peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə miras verdiyi Qiymətli xəzinədir....onu gözlərimiz tək Qoruyub,nəsillərə biz də hədiyyə verək. Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin mütəxəssisi Səadət Vaqif qızı Mənəfova .