AZ

Kim güzəştə gedəcək? -ŞƏRH

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna və Rusiya liderləri sülh danışıqlarında qalan ən çətin məsələləri müzakirə etmək üçün şəxsən görüşməlidirlər. Bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə ünsiyyətdə bir neçə dəfə bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski doğrudan da görüşə hazırdırsa, Moskva onu qəbul etməyə hazırdır və onun təhlükəsizliyi, eləcə də danışıqlar üçün lazımi şərait tam şəkildə təmin olunacaq. Sonra isə Zelenski Putini Kiyevə dəvət etmişdi.

Bəs liderlər arasında görüş baş tuta bilərmi?

Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, bu müharibədə milyondan artıq insan həyatını itirib, xəsarət alıb, yaralanıb, kəndlər və şəhərlər dağıdılıb və hər iki tərəf artıq müharibənin bitməsini istəyir:

"ABŞ Prezidenti Donald Tramp ciddi təzyiqlər göstərir ki, müharibə bitsin, sülh müqaviləsi bağlansın. Ancaq tərəflər bir-birinin şərtlərini qəbul etmir. Yəni Rusiya birmənalı olaraq Donbası tam götürmək istəyir, ancaq Ukrayna isə Donbasın qalan hissəsindən — təxminən 20 faizdən — çıxmaq istəmir. Ukrayna Prezidenti Volodimir Zelenski bildirir ki, bu, mümkün olan məsələ deyil. Bəli, bu çətin məsələdir. Danışmaq üçün birbaşa birinci şəxslər, yəni prezidentlər görüşməli və məsələni müzakirə etməlidirlər. Bu söhbət başlayanda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, biz Zelenskini Moskvada qəbul etməyə hazırıq və onun təhlükəsizliyinə təminat veririk. Bir müddət sonra Zelenski bildirdi ki, biz danışıqları Kiyevdə aparmağa hazırıq və Putini Kiyevə dəvət etdi".

Müsahibimizin fikrincə, tərəflər indiki dövrdə nə Moskvada, nə də Kiyevdə görüşəcəklər:

"Görüş üçüncü tərəfdə — ola bilsin, Əbu-Dabidə, Budapeştdə və ya hər iki tərəfin razılaşdığı başqa bir şəhərdə — baş tuta bilər. Ancaq məsələ ondadır ki, Zelenski birmənalı olaraq bildirir: biz heç cür Donbasın qalan hissəsini verə bilmərik, çünki Konstitusiya buna icazə vermir. Ona görə də Tramp hər iki tərəfə təzyiq göstərir ki, atəşkəs elan etsinlər və razılığa gəlsinlər. Son danışıqlar onu göstərir ki, bu il ərzində, yaya qədər məsələ həll olunmalıdır — Tramp bunu tələb edir. O mənada hesab edirəm ki, tərəflər bir-birinə qarşı güzəştə getməsə, müharibə dayanmayacaq. Ona görə də görüş mütləq baş tutacaq və hesab edirəm ki, bu görüş nə Moskvada, nə də Kiyevdə, məhz üçüncü tərəfdə olacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
57
1
redaktor.az

2Mənbələr