Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Milli Məclis, Nazirlər Kabineti bu problemə biganə qalmamalıdır"
"Çünki cəmiyyəti təhdid edən bəla bumeranq kimi hər birimizə dəyə bilər"
“Bir zamanlar saxta həkimlər, diyetoloqlar arıqlamaq üçün insanlara narkotik tərkibli preparatlar məsləhət görürdü. Biz bu məsələni dəfələrlə işıqlandırdıqdan sonra aidiyyəti qurumlar hərəkətə keçdi və həmn qruplaşma ifşa olundu. Sosial şəbəkələrlə bağlı da uzun müddətdir həyəcan təbili çalınır, uşaqların internetə çıxışının məhdudlaşdırılması, zorakı məzmunlu kontentlərə girişin qadağan edilməli olduğunu deyirik, hələ tərpəniş yoxdur. Nəyi gözləyirlər, birisi əlinə silah alıb, əhalini qırsın!?”
Bu sözləri “Sherg.az”a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. Psixoloq qeyd etdi ki, problemin nə dərəcədə ağır olduğu görünür: 
- Hər dəfə vurğulayırıq, işıqlandırırıq. Amma heç br tədbir görülmür. Gərək “partlayış” baş versin, kimsə həyatından olsun, sonra hərəkətə keçilsin? Ən gözəl müalicə zamanında aparılmış profilaktikadır. Mənim elmi işimin mövzusu yeniyetmələr, uşaqlar və gənclərin destruktiv davranışlarıdır. Və bunun br çox səbəbləri var, biri də internet resurslarıdır. O qədər böyük faciənin içindəyik, sadəcə fərqinə varmaq istəmirik sanki. Sanki “zaman bombası” qurulub, partlamayınca heç bir tədbir görülməyəcək. Uşaqlar, yeniyetmələr böyük təhlükə ilə üz-üzədir. Burada da əsas səbəblərdən biri sosial şəbəkələrə sərbəst giriş imkanının olmasıdır. Problem olduqca aktualdır. Çox ciddi tədbirlər görülməlidir. Sosial şəbəkələr özü qadağa qoyur, müəyyən yaş həddi ilə bağlı. Sadəcə, problem bundadır ki, uşaqlar özləri qeydiyyatdan keçmir, validyenlərinin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçirlər, izləyici kimi. Sosial şəbəkə, rəqəmsal platforma izləyicinin, kontent paylaşanın reallıqda hansı yaş həddində olduğunu ayırd etmir. Amma bu sahədə qadağalar tətbiq edilsə, qayda-qanun yaranar, problemlərin qarşısı alınar. Sosial şəbəkələrə görə bilsəniz nə qədər ailələr faciələr yaşayır. Evdən qaçırlar, intihar edirlər, “Mavi balina” oyununa bənzər, nə qədər oyunla var ki uşaqlar da, böyüklər də onlara aludə olur. Mərc, qumar oyunları ailələri bədbəxt edir, intihar həddinə çatdırır. Hesab edirəm ki, çox ciddi, total qaydalar tətbiq olunmalıdır. Bu, çox ağrılı məqamdır. Milli Məclis, Nazirlər Kabineti bu problemə biganə qalmamalıdır. Çünki cəmiyyəti təhdid edən bəla bumeranq kimi hər birimizə dəyə bilər. Bu problem tək bir qrup insanın başına gələcək hadisə deyil. Bu virtual terrorla hər bir Azərbaycan vətəndaşı, sakini, məmurundan tutmuş adi sıravi insana qədər üz-üzədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.