AZ

Fransaya çağırış!

Qərbi azərbaycanlıların taleyinə niyə münasibət bildirilməyib?

Fransa Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir. Rəsmi Paris “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe sərgiləyir. Bugünlərdə Fransa Milli Assambleyasının keçmiş separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi qətnamə də bunun göstəricisidir. Fransa parlamentinin saytında yerləşdirilən məlumata əsasən, “sənəd”in lehinə 183 üzv səs verib, əleyhinə isə səs verən olmayıb. Qətnaməni Fransa-Ermənistan Dostluq Qrupu adından parlamentin üzvü Loran Vaukiez təqdim edib və bir sıra parlamentarilər onu dəstəkləyiblər. Parlamentdə “sənəd”in yekdilliklə qəbul edilməsi burada ifadə olunan mövqenin təsadüfi deyil, sistemli və siyasi sifariş xarakteri daşıdığını təsdiqləyir.

İcma: Ermənistan öz mövqeyini ortaya qoymalıdır

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları kəskin şəkildə pisləyib. İcmanın bununla bağlı yaydığı bəyanatda bildirilir ki, bu günlərdə - Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüşü günü Fransa parlamentinin Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad olunmasına çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamentinin üzvünün Ermənistanda özlərini hansısa qondarma qurumun “rəhbərləri” kimi qələmə verən şəxslərlə görüşməsi, “Qarabağ məsələsi hələ bağlanmamışdır” kimi təxribatçı açıqlamalar verməsi bu qəbildən olan təxribatçı hərəkətlərdir.

“Görəsən, “azadlıq, bərabərlik, qardaşlıq”dan dəm vuran Fransanın bu parlamenti niyə bircə dəfə bizim - Qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına, Azərbaycan xalqının Ermənistanda bütün izinin, qədim və zəngin tarixi-mədəni irsinin silinməsi kampaniyasına münasibət bildirməyib?”, - deyə sual edən Qərbi Azərbaycan İcması hesab edir ki, ilk növbədə, Ermənistan dövləti öz ərazisində artıq keçmişdə qalmış qondarma rejimin bütün “təsisatları”nı ləğv etməli, bundan başqa, regiondankənar aktorların sülhə maneə törədən əməllərini pisləyən açıqlamalar verməlidir.

Qətnamə tamamilə qərəzli məzmuna malikdir

Sözügedən qətnamə tamamilə qərəzli məzmuna malikdir. “Sənəddə” bəhs olunan şəxslər vaxtilə Azərbaycana qarşı dövləti cinayətlər törədiblər və onların əli dinc azərbaycanlıların qanına batıb. Keçmiş Dağlıq Qarabağ probleminin otuz ildən artıq davam edən tarixi boyunca Azərbaycan humanitar fəlakətlə üzləşib. Xocalı şəhəri bir gecənin içində yerlə-yeksan olub, bir milyondan artıq insan onilliklər boyunca məcburi köçkün həyatı yaşayıb. Həmçinin işğal altına düşən ərazilərdə qalan zəngin mədəni irsə böyük ziyan dəyib - onlar dağıdılıb, qiymətli eksponatlar oğurlanıb və s. Bütün bu qəbildən olan çirkin əməllərin arxasında isə Ermənistan hakimiyyəti və rəsmi İrəvanın onilliklər ərzində dəstəklədiyi separatçılar dayanıblar. Separatçılar Azərbaycan Konstitusiyasını pozmaqla Qarabağda qeyri-qanuni “dövlət” formalaşdırıblar və Azərbaycanın unitar dövlət quruluşuna qarşı çıxıblar. Onların cinayətləri ədalət məhkəməsində tam sübut olunub. Belə olan halda, Fransa parlamentinin məlum qətnaməsi yalnız birtərəfli və siyasi xarakterlidir.

Fransa bu mövzu ilə bağlı bir neçə dəfə “sənədlər” qəbul edib. Həmin şəxslər təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı cinayətlər tördiblər. Təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi cəhdləri ölkəmizin  suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür addımları cinayətkarları qorumaqla, cəzasızlığın davamına xidmət edir. Lakin bu niyyət baş tutmadı, çünki həmin cinayətkarların kökmü verilib!

Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Məlumdur ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmayıb, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyib. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verib. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, parlamentin qəbul etdiyi qətnamə regionumuzda sülh prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa gerçək simasını nümayiş etdirir.

Fransa  neokolonial siyasətindən əl çəkməlidir

30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayması qəbulolunmazdır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün cəhdləri təəssüf doğurur.

Fransa Cənubi Qafqaz ölkələrinin daxili  işlərinə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb. Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Bir sözlə, Paris sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymalıdır!

Nardar BAYRAMLI

Seçilən
69
yeniazerbaycan.com

1Mənbələr