"Sosial sahədə və sosial müdafiə tədbirləri 2026-cı ildə də davam edəcək".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov bildirdi.
Onun sözlərinə görə, parlamentin qəbul etdiyi dövlət büdcəsinə əsasən, 2026-cı ildə sosial istiqamətli xərclərin həcmi 17,4 milyard manat olacaq:
"Prezident tərəfindən bütün növ pensiya göstəricilərinin artırılması ilə bağlı sərəncamın icra olunması ondan xəbər verir ki, sosial islahatlar, reallaşan sosial müdafiə tədbirləri məhz 2026-cı ildə də davam edəcək. Məhz cənab Prezidentin dünən imzaladığı sərəncam 1 milyon 100 minə yaxın vətəndaşımızın pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Bu isə praktiki olaraq əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiya məbləğlərində artımın müşahidə olunmasıdır.
Eyni zamanda, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı regionda orta güclü dövlətə çevrilməsinə gətirib çıxarıb. Və nəzərə alsaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatları ilə münasibətlərin artıq strateji xarakter alması, eyni zamanda Amerika Birləşmiş Ştatlarının vitse-prezidentinin Azərbaycana səfəri praktiki olaraq Azərbaycana aparıcı ölkələrin münasibətinin eyni zamanda təzahürüdür.
Son iki ildə cənab Prezidentin rəhbərliyi istiqamətində azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesi də sürətlə davam edib və yalnız həmin müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 9,8 milyard manat vəsait ayrılıb. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılan vəsaitin həcmi 22,2 milyard manatdır. Artıq ərazilərimizdə 75 mindən çox vətəndaşımız məskunlaşıb. Bu isə təbii ki, məhz Azərbaycanın, Azərbaycan liderinin böyük nüfuzunun sayəsində əldə olunan uğurlardır".
Nuriyyə NATİQQIZI