AZ

İranlı generalın Azərbaycana səfəri təsadüfi deyil - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan həm İran, həm ABŞ, həm də ABŞ-İran gərginliyində həlledici gücə malik İsraillə yüksək səviyyəli münasibətlərə malik dövlətdir".

Bunu Hafta.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu İranlı generalın Bakı səfəri və Prezident İlham Əliyevlə görüşünü şərh edərkən bildirib.

Ə.Zülfüqaroğlu qeyd edib ki, İranlı generalın Azərbaycana səfəri təsadüfi deyil. Qeyd edib ki, Azərbaycanın son illərdə ABŞ ilə əlaqələri yüksək səviyyəyə çatıb:

"Bununla yanaşı, ölkəmizin Körfəz ölkələri ilə də yüksək səviyyəli münasibətləri var. Bu isə Azərbaycanı önəmli geosiyasi oyunçuya çevirir. İran da çalışır ki, mövcud şərtlər daxilində Azərbaycanın potensialından yararlansın”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, İranda 40 milyon azərbaycanlı yaşayır:

“Digər tərəfdən, Azərbaycan həmişə İranla yaxın qonşuluq münasibətlərinə üstünlük verib. Baxmayaraq ki, İranın mühafizəkar dairələri Azərbaycanla münasibətlərin gərgin qalmasında maraqlıdır. İranda müharibənin baş verməsi isə Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan müharibənin baş verməməsinin tərəfdarıdır və bu istiqamətdə bütün imkanlarından istifadə edə bilər. Təsadüfi deyil ki, İranın müdafiə naziri Azərbaycana səfər etdi. Eyni zamanda Prezident İlham Əliyev Pezeşkianla mövcud vəziyyəti müzakirə etdi. Həmçinin ABŞ vitse-prezidenti də Azərbaycana səfər edəcək. Düşünürəm ki, bu proseslər təsadüfi deyil və bir-biri ilə əlaqəli məsələlərdir. Bu isə Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır”.

Tahirə Qafarlı

Seçilən
86
hafta.az

1Mənbələr