AZ

Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edib

Azərbaycan Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edib. Qanun layihəsi parlamentin bugünkü iclasında bir oxunuşda səsə qoyularaq qəbul edilib.

Layihəni təqdim edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.

Onun sözlərinə görə, preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya dövlət suverenliyi, konstitusion prinsiplər və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur.

Nağıyev vurğulayıb ki, sənəd cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsini əsas tələb kimi müəyyən edir, həmçinin qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın sürətləndirilməsini hədəfləyir.

Konvensiya xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradır, bu isə elektron sübutların qanuni əldə edilməsi və istifadəsini asanlaşdırır.

Komitə sədri qeyd edib ki, Konvensiyanın ratifikasiyası halında Azərbaycan bu sənədi təsdiq edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət ola bilər. Bu addım ölkənin beynəlxalq hüquqi nüfuzunu və kibercinayətkarlıqla mübarizədə təşəbbüskar mövqeyini gücləndirəcək.

Seçilən
6
1
anews.az

9Mənbələr