AZ

Bursada Azərbaycan mədəniyyəti üzrə təlim keçirilib

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türk Dünyası Yörük Türkmən Birliyi tərəfindən 6-9 fevral 2026-cı il tarixlərində Türkiyənin Gənclik və İdman Nazirliyinə bağlı “Bursa Gemlik Karacaali Gençlik Kamp”ında təşkil olunan Qızlar Düşərgəsi Türk dünyasından 190 tələbəni bir araya gətirib.

525.az xəbər verir ki, düşərgə çərçivəsində müxtəlif universitetləri təmsil edən elm adamları tərəfindən Türk dünyasına dair mühazirələr oxunub. 

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təlimçisi, təhsilin idarə olunması üzrə fəlsəfə doktoru Şəhla İbişova “Azərbaycandan Türk Dünyasına: Ortaq dəyərlər və ortaq gələcək” mövzusunda təlim keçib. Dr. Şəhla İbişova çıxışında Azərbaycan kimliyinin formalaşma prosesi, ana dilinin qorunmasının milli şüur baxımından əhəmiyyəti, eləcə də tarixi yaddaşın cəmiyyətlərin gələcəyinin müəyyənləşdirilməsində oynadığı rol barədə iştirakçılara ətraflı məlumat verib.

Türk dünyasının ortaq dəyərlərinin möhkəmləndirilməsinin mədəni birlik və həmrəyliyin əsasını təşkil etdiyini vurğulayan Ş. İbişova Azərbaycan mədəniyyətində qadının ictimai həyatda yeri, təhsildə rolu və mədəni irsin qorunub yaşadılmasındakı əhəmiyyəti haqqında iştirakçılara vacib məqamları çatdırıb.

Bununla yanaşı, Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılmasının iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Dr. Şəhla İbişova, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, mədəni layihələr və proqramlar barədə geniş məlumat verib. O, çıxışında ortaq mədəni irsin gələcək nəsillərə ötürülməsində gənclərin üzərinə düşən məsuliyyətə də diqqət çəkərək, gənclərin həm milli kimliklərinə sahib çıxmalarının, həm də Türk dünyası şüurunun yayılmasında fəal olmalarının vacibliyini vurğulayıb.

İştirakçılar tərəfindən maraqla qarşılanan təlim proqramı gənclərin Türk dünyası barədə biliklərinin artırılmasına və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verib. Düşərgə müddətində təşkil olunan müxtəlif tədbirlər vasitəsilə tələbələr ortaq tarix və mədəniyyət zəminində ünsiyyət qurmaq imkanı əldə ediblər.

Təşkilatçılar bu kimi layihələrin Türk dünyası gəncləri arasında həmrəyliyin möhkəmləndirilməsinə və ortaq gələcək vizyonunun formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
525.az

1Mənbələr