AZ

ABŞ nin Güney Qafqaza yerləşməsi, Rusiya və İranın bölgədə mövqelərinin zəifləməsi ilə paralel şəkildə davam edəcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid “JD” Vensin 2026-cı il fevralın 9–10-da Ermənistana rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqazla bağlı artan marağının növbəti göstəricisi kimi dəyərləndirilə bilər. Səfər fonunda ABŞ–Ermənistan münasibətlərinin yalnız ikitərəfli deyil, həm də regional təhlükəsizlik kontekstində müzakirə olunduğu aydın görünür. Vaşinqtonun İrəvanla təmasları bölgədə mövcud geosiyasi balanslara təsir etmək niyyətindən xəbər verir. Bu səfər ABŞ-ın Cənubi Qafqazda yeni siyasi düzən formalaşdırmaq cəhdlərinin tərkib hissəsi kimi oxunur.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika vitse prezidentinin Ermənistana səfəri iki ölkə arasındakı münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu səfər geniş tərkibli səfərdir və iki ölkə arasında çox müxtəlif istiqamətlər üzrə əməkdaşlıqlarla bağlı müzakirələr və qərarların alınacağı bir görüşdür. Dünən Nikol Paşinyanla keçirilən görüşdən sonra səsləndirilən bəyanatlar və söylənilən fikirlər onu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları Güney Qafqazda bir neçə gündəliyi irəli aparmaq niyyətindədir.

Birincisi, Azərbaycan və Ermənistan arasında sülh prosesini irəlilətmək və onu davamlı şəkil almasına dəstək vermək, ikincisi, Tramp marşrutunun Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələləri irəliyə aparmaq və bu istiqamətdə işlərin başlanmasını sürətləndirməkdir.

Eyni zamanda Amerika Birləşmiş Ştatlarının yüksək texnologiya şirkətlərinin Ermənistana qoyacaqları investisiya layihələri və yatırımlar olduqca ciddi əhəmiyyət kəsb edir. Razılaşmaya görə, iki mərhələdə Ermənistana beş və dörd milyard dollar olmaqla vəsait yatırılacaq ki, bu da olduqca böyük rəqəm deməkdir. Faktiki olaraq, Ermənistanın dövlət büdcəsindən artıq vəsaitlər deməkdir.

Bununla yanaşı, nüvə enerjisi sahəsində əməkdaşlıq, hərbi sahədə əməkdaşlıq, yüksək texnologiyalar, süni intellekt sahəsində əməkdaşlıq, Ermənistan üçün olduqca mühüm imkanlar yaradır”.

Oqtay Qasımov

Oqtay Qasımov vurğulayıb ki, bu səfər ABŞ-nin Güney Qafqazda strateji maraqlarını əks etdirmək baxımından vacib bir səfər oldu. Politoloqun fikrincə, Amerika Birləşmiş Ştatlarının Ermənistanda doqquz milyard dollar investisiya yatırılması qərarı onun siqnalı sayıla bilər ki, ABŞ-nin Güney Qafqazda maraqları var və bu maraqlar üçün bölgənin imkanlarından istifadə edərək bölgədə öz mövqelərini möhkəmləndirməyə çalışır.

Oqtay Qasımov hesab edir ki, Amerika Birləşmiş Ştatlarının yatıracağı məbləğlər həm də seçkiqabağı Paşinyan hakimiyyətinə verilən birmənalı dəstək və bölgədə Rusiya İranın nüfuzunun zəiflədilməsi kimi də dəyərləndirilə bilər.

“Amerika Birləşmiş Ştatların Güney Qafqaza yerləşməsi, Rusiya və İranın da bölgədə mövqelərinin zəifləməsi ilə paralel şəkildə davam edəcək. Amerika Birləşmiş Ştatlarının Güney Qafqazdakı maraqları həm də onun Türküstan coğrafiyası Orta Asiya ilə bağlı maraqlarının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Çünki Amerika Birləşmiş Ştatları həm də bu coğrafiya ilə maraqlanır və bir neçə ay öncə Orta Asiya dövlətlərinin başçılarının Vaşinqtona səfəri və oradakı müzakirələr onu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları məhz bu coğrafiyalarda Güney Qafqaz və Orta Asiyada öz mövqelərini möhkəmləndirmək siyasətini həyata keçirməyə başlayıb.

Bu gün də Amerika vitse-prezidentinin Bakıya səfəri gözlənilir”-deyən Oqtay Qasımov qeyd edib ki, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca ciddi əhəmiyyəti var.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr