
Avropa İttifaqı (Aİ) Komissiyası uşaq və gənclərin onlayn mühitdə məruz qaldıqları kiberzorakılıqla mübarizə məqsədilə "Kiberzorakılığa Qarşı Fəaliyyət Planı"na start verdiyini elan edib.
Komissiyanın açıqlamasına görə, bu plan uşaq və gənclərin onlayn mühitdə psixi sağlamlığını qorumağı, zərərli rəqəmsal davranışlarla mübarizə aparmağı və təhlükəsiz rəqəmsal təcrübələri təşviq etməyi hədəfləyir.
Vahid mobil tətbiq və dəstək mexanizmi
Plan çərçivəsində kiberzorakılıq qurbanlarının asanlıqla kömək almasını təmin etmək üçün Aİ miqyasında istifadə edilə biləcək xüsusi mobil tətbiq hazırlanacaq. Bu tətbiq vasitəsilə uşaqlar və gənclər təhqir və zorakılıq hallarını milli yardım xətlərinə bildirə biləcək, psixoloji və hüquqi dəstək alacaq, sübutları təhlükəsiz şəkildə saxlayıb aidiyyatı qurumlarla paylaşa biləcəklər.
Aİ daxilində koordinasiyalı yanaşma
Kiberzorakılıqla mübarizədə bütün ittifaq üzrə bərabər müdafiəni təmin etmək üçün üzv ölkələrdən hərtərəfli milli planlar hazırlamaq və ortaq "kiberzorakılıq" tərifi üzərində razılaşaraq məlumat toplamaq tələb olunacaq.
Mövcud qanunvericiliyin effektivliyini artırmaq üçün Rəqəmsal Xidmətlər Aktı (DSA) yenidən nəzərdən keçiriləcək. Eyni zamanda, Süni İntellekt Aktı (AI Act) çərçivəsində qadağan olunmuş tətbiqlərin kiberzorakılıq məqsədilə istifadəsinin qarşısı alınacaq.
Aİ Komissiyasının vitse-prezidenti Henna Virkkunen mövzu ilə bağlı "Uşaqlar və gənclər onlayn mühitdə təhlükəsizlik hüququna malikdirlər. Kiberzorakılıq bu hüququ tapdalayır, onları tənha və alçaldılmış hiss etməyə vadar edir" deyib.
Hər 6 uşaqdan biri kiberzorakılıq qurbanıdır
Fəaliyyət Planı erkən yaşlardan etibarən sağlam və məsuliyyətli rəqəmsal davranışları təşviq etməyi hədəfləyir. Komissiya müəllimlər üçün rəqəmsal savadlılıq rəhbərlərini yeniləyərək kiberzorakılığın qarşısının alınmasını prioritetləşdirəcək.
Aİ Komissiyasının statistikasına görə, 11-15 yaş qrupundakı uşaqların təxminən 6-da 1-i kiberzorakılığa məruz qalır. Hər 8 uşaqdan 1-i isə kiberzorakılıq törədir. Ötən il keçirilən "Eurobarometer" sorğusuna əsasən, avropalıların 93%-i uşaqların onlayn psixi sağlamlığının qorunması üçün dövlət qurumlarının təcili tədbirlər görməli olduğunu düşünür.