AZ

Neftin qiyməti 200 dollara ÇATA BİLƏR – ABŞ-İran müharibəsi ilə bağlı SENSASİON PROQNOZ

Fevralın 6-da Omanda keçirilən danışıqlar göstərdi ki, nə ABŞ, nə də İran öz mövqelərindən geri çəkilmək istəyir. Bunun nəticəsi olaraq da danışıqlar prosesinin uğursuz olduğu qənaətinə gəlmək olar.

Yaranmış vəziyyətdə isə İran hərbi hazırlıqlarını gücləndirir.

Xəbər verdiyimiz kimi, İran İsfahan şəhərindəki nüvə texnologiyaları mərkəzindəki yeraltı tunel kompleksinin bütün məlum girişlərini tamamilə torpaqla örtüb. Kommersiya peyk görüntülərində tunellərin mərkəz və cənub girişlərinin tamamilə möhürləndiyi, şimal girişinin də bağlandığı görünür.
 

Amerika KİV-ləri isə ABŞ-ın uzunmüddətli savaşa hazırlaşdığını yazır. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17A Globemaster III və xüsusi təyinatlı qüvvələri daşımaq funksiyasını yerinə yetirən MC-130 Super Hercules tipli hərbi-nəqliyyat təyyarələri Türkmənistanda eniş ediblər.

 

Toqquşma qaçılmazdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, ABŞ-la İran arasında toqquşmanın olması ehtimalı çox yüksəkdir:

“Bu da hər iki dövlətin köklü daxili və xarici siyasətinin mahiyyətindən irəli gəlir. ABŞ yalnız öz siyasi və iqtisadi maraqlarını üstün tutur. İran isə dünyada öz suveren hüquqlarını qorumağa çalışan azsaylı dövlətlərdən biridir. Ona görə də indi bölgədə “daş qayaya rast gəlib”. İran geri çəkilənə oxşamır. Çünki islam inqilabının mahiyyəti İranın suverenliyini qorumaqdır. Yəni tərəflərdən hər birinin öz mövqeyindən çəkilməyəcəyi ehtimalı böyükdür ki, bu da müharibəni qaçılmaz edir”. 

Müsahibimiz düşünür ki, müharibə olmaya da bilər:

“Adətən, müharibə aparan tərəflər öz imkanlarını ölçüb-biçir. İrana hücum olarsa, ABŞ-a da böyük ziyan dəyə bilər. Düzdür, son nəticədə İrana dəyən ziyan daha böyük olacaq. Amma İranın dəyən ziyana dözmək qabiliyyəti daha yüksəkdir.

Tehran açıq şəkildə bildirir ki, bu dəfəki müharibə keçən dəfəki kimi olmayacaq. Onlar cavab həmləsi ilə İsrailə ölümcül zərbə vuracaqlarını, Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına, sərhəddəki gəmilərə zərbə endirəcəklərini deyirlər. Tehran həmçinin, Hörmüz boğazını bağlamaqla hədələyir. Bu boğaz vasitəsilə dünya neft ticarətinin 25 faizi daşınır”.

Politoloq qeyd edib ki, müharibə başlayacağı təqdirdə isə körfəz ölkələrinin iqtisadiyyatına dəhşətli ziyan dəyəcək:

“Neftin bir barelinin qiyməti 150-200 dollara çatacaq. Bu fonda isə dünya iqtisadiyyatı, ilk növbədə də ABŞ iqtisadiyyatı ciddi ziyan çəkəcək. Nəticədə Amerika cəmiyyəti iqtidardan bunun niyə baş verdiyini soruşacaq”.

Rüfət Sultan, Bizim.Media

 

 

Seçilən
4
1
bizim.media

2Mənbələr