AZ

“Süni intellektin inkişafı elmlərarası inteqrasiyanı zəruri edir” - İlham Məmmədzadə

"Azərbaycanda prioritet istiqamətlərdən biri kimi müəyyən edilən süni intellektin inkişafı təkcə texnoloji yenilik deyil, eyni zamanda elmlərarası inteqrasiyanı tələb edən strateji və çoxşaxəli bir sahədir. Bu istiqamət yalnız kompüter elmləri ilə məhdudlaşmır, fəlsəfə, sosiologiya, kognitiv elmlər, sosial tədqiqatlar və digər sahələrlə sıx bağlıdır".

SİA xəbər verir ki, bu fikirləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Süni İntellekt Strategiyasının bir illiyinə həsr olunmuş Respublika Elmi Konfransında çıxışı zamanı səsləndirib.

O bildirib ki, hazırda akademik institutlarda, sosiologiya və sosial tədqiqat mərkəzlərində, ali təhsil müəssisələrində, eləcə də rabitə nəzəriyyəsi və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər tərəfindən bu istiqamətdə araşdırmalar aparılır. Bu isə süni intellektin ümumi elmi ictimaiyyət üçün ortaq maraq sahəsinə çevrildiyini göstərir.

Professor qeyd edib ki, konfransın əsas məqsədi müxtəlif istiqamətlərdə çalışan alim və tədqiqatçıları, tələbələri və mütəxəssisləri vahid platformada bir araya gətirməkdir: “Süni intellektin inkişafı yalnız texniki həllərlə mümkün deyil. Burada sosial məsuliyyət, etik çərçivə, insan faktoru və ictimai təsir kimi məsələlər də mühüm rol oynayır”.

İlham Məmmədzadə vurğulayıb ki, müasir mərhələdə elmləri ayrı-ayrı sahələrə bölmək artıq effektiv deyil və kompleks problemlərin həlli üçün elmlərarası yanaşma zəruridir. Onun sözlərinə görə, süni intellekt məhz fəlsəfi düşüncə modeli, sosial dinamika, insan təfəkkürü və texniki mexanizmlərin bir sistemdə birləşdiyi sahədir.

O əlavə edib ki, elm yalnız bilik yaratmaqla kifayətlənməməli, həmin biliklərin cəmiyyətə necə xidmət etdiyini də nəzərə almalıdır. Sosial informasiya və ictimai dinamika düzgün təhlil olunmadan texnoloji inkişafın effektiv nəticə verməsi mümkün deyil.

İnstitut direktoru hesab edir ki, Azərbaycanda süni intellektin inkişafı texniki nailiyyətlərlə yanaşı, elmlərarası əməkdaşlıq və sosial məsuliyyət prinsipləri əsasında davam etdirilməlidir. Onun fikrincə, bu istiqamətdə atılan addımlar artıq mühüm mərhələyə çatıb və qarşıdakı dövrdə daha sistemli və koordinasiyalı fəaliyyət sahəni yeni səviyyəyə yüksəldə bilər.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
20
1
sia.az

10Mənbələr