AZ

ABŞ nin Azərbaycana göndərəcəyi katerlər bu məqsədlə istifadə olunacaq Polkovnikdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib ki, ABŞ ərazi sularının qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Birləşmiş Ştatların vitse-prezidenti Vensin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirdiyi bəzi fikirlər gözlənilən idi:

"Yəni, şəxsən mənim üçün bu məsələ yeni deyil; əvvəllər də Amerika Azərbaycana hərbi dəniz qüvvələri və Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi ilə bağlı müəyyən dəstək göstərirdi. Düzdür, sonradan baş verən bəzi proseslər fonunda bu yardım dayandırıldı. Amma indi isə Amerika-Azərbaycan münasibətlərində yeni mərhələ başlayır və o yeni mərhələ ilə bağlı Vensin bəyanatından belə başa düşdük ki, Azərbaycana bəzi yeni katerlər veriləcək. Yəni, sürətli katerlərdir; həm Xəzər dənizində enerji və karbohidrogen resurslarının müdafiəsi və mühafizəsi, həm də qeyri-qanuni qaçaqmalçılığa qarşı mübarizə tədbirlərində həmin qayıqlardan istifadə olunacaq. Təkcə bununla yekunlaşmayacaq. Yəni, Azərbaycanla Amerika arasında xeyli məsələlər var ki, bundan sonra daha intensiv xarakter alacaq. Burada kibertəhlükəsizlik məsələləri, hərbi tibb sahəsi, hərbi təlim sahəsi, həmçinin Azərbaycan zabitlərinin müəyyən təcrübə keçməsi məsələləri var. Bütün bunlar dünən Bakıda keçirilən görüşdə müzakirə olunub və hər bir müvafiq qurum bu istiqamətdə üzərinə düşən işləri görməlidir və yəqin ki, görəcək".

Müsahibimiz qeyd etdi ki, Amerika kimi böyük, qüdrətli bir dövlətin hərbi və hərbi-texniki dəstəyi bizim üçün vacibdir.

"Bu, Xəzər dənizində müdafiə və təhlükəsizlik məsələlərimizin daha etibarlı şəkildə həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Ona görə hesab edirəm ki, bu, təkcə Xəzərlə məhdudlaşmayacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə əməliyyatları aparılır; Amerika həmin əməliyyatlarda xüsusi hazırlanmış itlər və ya xüsusi avadanlıqlar vasitəsilə Azərbaycana dəstək verəcək. Bu istiqamətdə dəstək ANAMA xətti ilə, Müdafiə Nazirliyi xətti ilə və digər güc strukturları vasitəsilə ola bilər. İstənilən halda, ABŞ-Azərbaycan münasibətləri yaxın perspektivdə artan xətt üzrə davam edəcək və ümid edirəm ki, bu münasibətlər sonda 907-ci düzəlişin də tam şəkildə aradan qaldırılmasına gətirib çıxaracaq", - deyə Üzeyir Cəfərov vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
3
redaktor.az

4Mənbələr