AZ

Bərpaolunan enerji üzrə karbon kreditlərinin əldə edilməsi ölkəmizin qlobal karbon bazarına daxil olması deməkdir - ŞƏRH

Bakı, 11 fevral, Nailə Həsənova, AZƏRTAC

Azərbaycan tarixində bərpaolunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditlərinin əldə edilməsi ölkəmiz üçün rəmzi yox, sistem yaradan bir dönüş nöqtəsidir. Bu, təkcə ekoloji uğur deyil, həm də iqtisadi modelin dəyişdiyini və zərurətin olduğunu göstərən amildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov səsləndirib.

Onun sözlərinə görə, baş vermiş hadisə yaşıl iqtisadiyyatın inkişafına önəmli töhfə verəcək.

“Karbon kreditləri göstərir ki, Günəş və külək enerjisi sadəcə ekoloji öhdəlik deyil, real iqtisadi aktivdir. Bu da yaşıl layihələrin maliyyə cəlbediciliyini artırır, dövlət büdcəsinə və şirkətlərə alternativ valyuta gəliri yaradır. Karbon kreditləri həm də emissiyanın ölçülməsi və uçotunun institusional səviyyədə qurulmasına, sənaye və enerji sektorunda yaşıl transformasiyanın məcburiləşməsinə, çirkli istehsalın iqtisadi baxımdan mənasızlaşmasına gətirib çıxarır. Bu addım yeni yaşıl sənayenin və xidmətlərin inkişafına təkan verəcək. Beləliklə, ölkədə karbon auditləri, emissiya ölçmə texnologiyaları, ESG (Environmental, Social, and Governance) konsaltinq, yaşıl sertifikatlaşdırma kimi tamamilə yeni iqtisadi alt-sektorlar məcburi olaraq inkişaf edəcək. Bütün sahələrdə ESG prinsiplərinin tətbiqi məcburi oyun qaydalarından biri olur”, - deyə Asif İbrahimov vurğulayıb.

Ekspertin fikrinə görə, karbon kreditinin alınması həm də Azərbaycanın qlobal karbon bazarına daxil olması deməkdir: “Daha dəqiq desək, Azərbaycan BMT-nin inkişaf məqsədlərinin tələblərinə, beynəlxalq MRV (Measurement, Reporting, Verification) standartlarına uyğun işləyir və Paris Sazişi mexanizmlərinə faktiki inteqrasiya olunur. Ölkə “yaşıl reputasiya kapitalı” formalaşdırır ki, bu da Azərbaycanı qlobal ekoloji maliyyə sisteminin iştirakçısına çevirir. Beynəlxalq investorlar üçün bu mesajı verir ki, Azərbaycan artıq təkcə neft-qaz ölkəsi deyil, karbon ticarəti qaydalarını bilən ölkədir. Əgər bu proses düzgün idarə olunarsa, neftdən sonrakı dövr üçün real iqtisadi dayaq formalaşar və Azərbaycan karbon ixrac edən ölkəyə çevrilərək regional “yaşıl hub” rolunu oynaya bilər”.

Seçilən
78
1
azertag.az

2Mənbələr