Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aznews.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.
Dövlət başçısı ölkəmizin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.
Qonaq ilk növbədə dövlət başçısına qəbula görə minnətdarlığını ifadə edib.
Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın dövlət başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirib.
Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.