AZ

Kredit borcunu ödəməyən şəxslər həbs oluna bilər? - Hüquqşünas açıqladı

Son illər kredit ödənişlərinin gecikdirilməsi hallarında artım müşahidə olunur. Maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşların sayı artdıqca, məsələn həm bank sektorunda, həm də cəmiyyət arasında geniş müzakirələr yaranır. Mütəxəssislər bildirirlər ki, gecikmələrə əsasən iqtisadi çətinliklər və gəlir azalması səbəb olur. Bəs, borc ödənilmədiyi halda vətəndaş həbs oluna bilərmi? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaş heç bir halda gecikdirilmiş kredit borcuna görə həbs edilə bilməz:

"Kredit münasibətləri mülki hüquqi münasibətlərdir və kreditorla borcalan arasında bu münasibətlər kredit müqaviləsi ilə rəsmiləşdirilir.  Kredit müqaviləsi əsasında tərəflər arasında yaranan münasibətlərdə gecikmə baş verərsə, kreditor aidiyyəti üzrə borcalanın qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edir. Məhkəmənin çıxardığı qərarın icrası ilə bağlı vətəndaş barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci və 306-cı maddələrinə əsasən icra məmuru tərəfindən tədbirlər görülə bilər",- deyə o vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, bu barədə qətnamə qəbul olunmuş olsa belə, hesab edirəm ki, kredit münasibətlərindən yaranan öhdəliklərə görə borclu şəxs cinayət məsuliyyətinə cəlb edilə və ya inzibati qaydada həbs oluna bilməz.

R.Süleymanov qeyd edib ki,  Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasını və onun 4 saylı Protokolunu ratifikasiya etmişdir:

"Həmin Protokolun 1-ci maddəsinə əsasən, borca görə azadlıqdan məhrumetmə yolverilməzdir. Azərbaycan bu Protokolu ratifikasiya etdiyindən, Konvensiyanın müvafiq müddəaları ölkə ərazisində birbaşa hüquqi qüvvəyə malikdir",- deyə Ramil Süleymanov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr