ain.az, Redaktor.az saytına istinadən bildirir.
Ultraməhsullaşdırılmış qidalar sağlamlığa zərərinə görə siqaretlərdən geri qalmır. Bu nəticəyə beynəlxalq tədqiqat qrupu gəlib.
Redaktor.az xəbər verir ki, araşdırma "The Milbank Quarterly" jurnalında dərc olunub.
Alimlərin fikrincə, ultraməhsullaşdırılmış qidalar sadəcə ərzaq deyil, asılılıq yaradan sənaye məhsulları kimi qiymətləndirilməlidir. Tədqiqat müəllifləri müasir qida sənayesi ilə XX əsrin tütün şirkətləri arasında paralellər aparıblar. Onların sözlərinə görə, istehsalçılar kompulsiv istehlakı təşviq edən mühəndislik və marketinq strategiyalarından şüurlu şəkildə istifadə edirlər. Bu isə həddindən artıq yeməyin yalnız “iradə zəifliyi” ilə izah olunması fikrini sual altına alır.
Söhbət əsasən təbiətdə bu formada rast gəlinməyən şəkər, yağ və duz kombinasiyalarından gedir. Məsələn, meyvələr şəkərlə zəngin olsa da, yağ baxımından kasaddır, qoz-fındıq isə əksinə. Sənaye qidaları isə bu iki makronutrienti birləşdirərək beyində mükafat sisteminə cavabdeh olan dopamin ifrazını artırır.
Digər strategiya isə “həzzin sürətli çatdırılması”dır. İstehsalçılar həzmi ləngidən lif, su və zülalları məhsullardan çıxarırlar. Nəticədə qida daha tez mənimsənilir, qanda şəkərin səviyyəsi kəskin artır və həzz mərkəzləri aktivləşir. Müəlliflərin sözlərinə görə, bu məhsullar beyinə maksimum sürətlə təsir göstərmək üçün faktiki olaraq əvvəlcədən “həzm olunmuş” vəziyyətə gətirilir.
Alimlər ultraməhsullaşdırılmış qidaların geniş əlçatanlığını da problem kimi qiymətləndiriblər. Vaxtilə siqaretlərin hər yerdə satıldığı kimi, bu gün belə qidalar apteklərdə, yanacaqdoldurma məntəqələrində və məktəblərdə də mövcuddur ki, bu da daimi qəlyanaltı mədəniyyətini formalaşdırır.
Tədqiqatçılar “az yağlı”, “vitaminlə zənginləşdirilmiş” kimi təqdim olunan məhsulları da tənqid ediblər. Onların fikrincə, bu cür marketinq üsulları təhlükəsizlik illüziyası yaradır, lakin məhsulun potensial riskini aradan qaldırmır.
Araşdırmalarda ultraməhsullaşdırılmış qidaların yüksək istehlakı ilə koqnitiv pozuntular, insult, depressiya və neyrodegenerativ xəstəlik əlamətləri arasında əlaqə aşkar edilib. Bu nəticələr on minlərlə insanın iştirak etdiyi tədqiqatlara əsaslanır.
Müəlliflər hesab edirlər ki, bu məhsullar sistemli zərər vurursa, onların tənzimlənməsi üçün tədbirlər görülməlidir, xüsusilə uşaqlara yönəlmiş reklamların məhdudlaşdırılması və aksiz vergilərinin tətbiqi kimi addımlar atıla bilər. Hətta vaxtilə tütün sənayesinə qarşı aparılan məhkəmə proseslərinə bənzər hüquqi araşdırmaların mümkünlüyü də istisna edilmir.
Tədqiqatçılar vurğulayırlar ki, problemin miqyasını nəzərə alaraq yalnız şəxsi məsuliyyətə fokuslanmaq kifayət deyil. İctimai səhiyyə siyasəti məhsulların tərkibi ilə yanaşı, onların sənaye üsulu ilə hazırlanma xüsusiyyətlərini də nəzərə almalıdır.
Nuriyyə NATİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.