AZ

“50 il Rasim Balayevlə, 40 il də mənimlə çörək kəsib, amma…”

“Rasim Balayevin özünün narahat etməyim deyə oğlu Ülvi ilə əlaqə saxlayıram, amma özü ilə də danışmışam. Şükür Allaha, indi evdədir. Xəstəxanada həkimlər müalicə yazıb, o da evdə davam etdirir. İnşallah, gözləyirik ki, tam sağalsın”.

Bunu “Yeni Sabah”a Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O, yaxın dostu, Xalq artisti Rasim Balayevin durumunun stabil olduğunu bildirib:

“Bir az sinirləri oyaqdır. Dünən də özü ilə danışdım. Dedim ki, bir az da yaxşılaş, yanına gələcəyəm. Təbii ki, lazım olsa müalicə üçün başqa ölkələrə də gedə bilər, özünə də bunu demişəm, nə lazımdırsa edək. Şükür ki, buna ehtiyac qalmadı. Heydər Əliyev Fondu da sənət adamlarına dəstək olur. Rasim özü də bildirdi ki, hələlik buna ehtiyac yoxdur. İnşallah ki, görüşərik”.

B.Vəziroğlu bir zamanlar dost olduğu Xalq artisti Əbdül Mahmudovla (Şeyx Əbdül) münasibətlərindən də söz açıb:

“Şeyx Əbdüllə maraqlanmamışam. Bu söhbəti təzələmək istəmirəm. Bir neçə il qabaq qurultay ərəfəsində Şeyx Əbdülün sözü bizimlə tərs gəldi. Haqqımızda ədalətsiz, təhqiredici sözlər yazdı, mətbuata açıqlamalar verdi. Xüsusən də Rasim Balayev haqqında… Halbuki, 50 il Rasim Balayevlə, 40 il də mənimlə birlikdə çörək kəsib. Birdən-birə ona nə oldusa, bilmədik. Biz kəsdiyimiz çörəyi tapdalaya bilmərik. Özü də bu sözü çəkildiyi filmdə deyib: “Qəmlo, mən kəsdiyim çörəyi ayaqlaya bilmərəm”.

Çox qəribədir ki, bəzi dostlarımız yaşlandıqca dəyişiblər. Məsəl var, deyirlər ki, dalaşanda elə dalaş ki, barışmağa üzün olsun. Şeyx dəfələrlə haqqımızda fikirlər səsləndirdi, lakin ona cavab vermədik.

Deyirlər ki, media nümayəndələri o vaxt Şeyx Əbdülü qızışdırırdılar. Bəs o jurnalistlər məni niyə qızışdıra bilmirlər? Yer üzündə məndən emosianal adam yoxdur. Amma hər şeyə diqqət edirəm. Biri-birimizə qardaş demişik. Yaxşı şeyləri yaddan çıxara bilmərəm.

Həyatda hər şey keçib gedir, bunlar da keçəcək. Mən bu fikri həyat prinsipim kimi götürmüşəm. Allah Şeyxə can sağlığı versin. O xəstəxanada olanda mən paytaxtda deyildim, Qəbələdəki festivalda idim, daha sonra Şuşaya yollandıq. Onun xəstə olduğunu, xəstəxanaya yerləşdirilməyini də sonradan sosial şəbəkələrdən öyrəndim. Şükür ki, artıq evə buraxılıb. İnşallah, onu ziyarət edəcəyəm. Nə lazımdırsa, etməyə hazıram.  Bilirəm ki, yanına gedəndə ona nə aparsam üzü güləcək. Allah hamımıza can sağlığı versin. Onsuz da az qalmışıq. Kim istəyər ki, 5 günlük həyatın 4-nü küskünlüklə keçirsin?

Ömür ötüb keçir aram-aram… Vaxtilə məşhur mahnının bu sözlərini boşuna yazmamışam. Mən də Şeyx Əbdüldən nigaranam…”.

Seçilən
3
1
millitv.net

2Mənbələr