E.Quliyev hazırda kriptopul almağı düşünənlər üçün tövsiyə edib ki, bu mərhələdə bazara “tam məbləğlə birdəfəlik giriş” risklidir. Kapitalı hissələrə bölərək mərhələli alış etmək olar. Bazar kapitalizasiyası yüksək olan aktivlərdən orta alış qiymətini optimallaşdırmaq mümkündür: “Satış qərarı isə adətən iki səbəbdən verilir - likvidlik ehtiyacı və riskin azaldılması. Əgər investorun kapitalı kredit və ya borc vəsaitidirsə, risk azaltmaq daha məntiqli ola bilər. Lakin sadəcə qorxuya əsaslanan satışlar uzunmüddətli perspektivdə zərər yarada bilər. Kriptovalyuta bazarında ən çox itki edənlər panikada satanlar və rəqəmsal aktivi zirvədə (ən yüksək qiymətdə) emosional alış edənlərdir”. Kriptovalyuta məsələləri üzrə mütəxəssis qeyd edib ki, əsas məsələ investorun strategiyasının olub-olmamasıdır: “Strategiyası olan investor gözləyir və planla hərəkət edir. Strategiyası olmayan investor isə bazarın emosional dalğasında qərar verir. Hesab edirəm ki, kriptovalyuta bazarında hazırkı eniş hələlik struktur kollaps deyil, korreksiya mərhələsi kimi görünür. Bitkoin yüksək riskli, lakin uzunmüddətli potensiala malik aktiv olaraq qalmaqdadır. Tövsiyə edirəm ki, investorlar panikaya qapılmasınlar, kapitalın yalnız riskə hazır olan hissəsini yatırsınlar, mərhələli və planlı strategiya tətbiq etsinlər. İnvestorlar yalnız riskə hazır olduqları kapital ilə bazarda iştirak etməli və qərarlarını strateji əsaslarla verməlidirlər”. Sevinc İbrahimzadə / Metbuat.az