Ağ Evdə keçirilən görüşdə regional proseslər diqqət mərkəzində olub...
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp Ağ Evdə baş tutan görüş zamanı İranla aparılan danışıqları, Qəzza sektorundakı vəziyyəti və Yaxın Şərqdəki son regional prosesləri müzakirə ediblər.
Poliqon xəbər verir ki, bu barədə məlumat İsrail baş nazirinin ofisinin rəsmi saytında dərc olunub.
Məlumata görə, tərəflər İranla bağlı diplomatik təmasların gedişini ətraflı nəzərdən keçirib, həmçinin Qəzza sektorunda davam edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. “Görüş zamanı İranla danışıqlar, Qəzza sektoru və regional hadisələr müzakirə olunub”, məlumatda bildirilir.
Danışıqlar çərçivəsində Netanyahu ABŞ ilə İran arasında mümkün razılaşmalar fonunda İsrailin təhlükəsizlik ehtiyaclarını xüsusi vurğulayıb. O, rəsmi Təl-Əviv üçün İranın nüvə proqramı və regional təsir imkanlarının ciddi risk olaraq qaldığını qeyd edib və İsrailin öz təhlükəsizliyini təmin etmək hüququnu bir daha diqqətə çatdırıb.
Ağ Evdəki görüşdən əvvəl Netanyahu ABŞ-nin dövlət katibi Marko Rubio ilə də görüş keçirib. Tərəflər ikitərəfli münasibətləri və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı İsrail baş naziri ölkəsinin “Sülh Şurası”na qoşulması ilə bağlı sazişi imzalayıb.
Bundan əlavə, yanvarın 25-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner İsrailə səfər edərək Netanyahu ilə görüşüblər. Danışıqların əsas mövzusu “Rafah” sərhəd-keçid məntəqəsi olub. Qeyd olunur ki, “Rafah” keçidi Qəzza sektorunun İsrailin nəzarətində olmayan yeganə çıxış nöqtəsi idi və münaqişə başlamazdan əvvəl Misirlə sərhəddə yerləşən əsas keçid kimi fəaliyyət göstərirdi.
Müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Təl-Əviv arasında intensiv təmaslar regionda davam edən hərbi əməliyyatlar və İranla bağlı danışıqlar fonunda strateji koordinasiyanın gücləndirilməsinə xidmət edir.
Poliqon.info