AZ

Vensin səfərinin şifrələri Azərbaycanın diplomatik masadakı qələbəsi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Elşad Məmmədli yazır...

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gəlişi, əlbəttə ki, sıradan bir hadisə deyil.

Bu, düşünülənlərdən daha mühüm, strateji bir gedişatdır - təkcə iki ölkə arasında münasibətlərin deyil, qlobal və regional proseslərin vacib mərhələsidir.

Yeni dünya düzənində siyasi, diplomatik yanaşmalar, müasir tendensiyalar, çağdaş reallıqlar baxımından Vensin bu səfəri ilk növbədə qalib, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycanın və onun lideri İlham Əliyevin beynəlxalq miqyasda çox yüksək nüfuzunun göstəricisidir.

Şübhəsiz ki, vitse-prezidentin ölkəmizə səfəri və bu çərçivədə atılan addımlar, verilən qərarlar Prezident Donald Trampın təşəbbüsü ilə ötən ilin 8 avqustunda Vaşinqtonda əsası qoyulan böyük prosesin məntiqi davamıdır.

ABŞ-nin vitse-prezidentin Cənubi Qafqaza gəlişini şərtləndirən məsələ də məhz Azərbaycanın yaratdığı reallıqlardır. Prosesin inkişafına Birləşmiş Ştatların bu səviyyədə yanaşması olduqca diqqətçəkən və arzuolunandır.

Vens faktiki olaraq ABŞ-nin ikinci şəxsidir. Bundan əlavə, o, Birləşmiş Ştatlarda növbəti seçkidə prezidentliyə potensial və şanslı namizəddir.

Bir qədər əvvəl Donald Tramp qarşıdakı seçkidə Ağ Evin lideri kimi görmək istədiyi iki şəxsin (potensial xələflərinin) adını açıqlamışdı. Bunlardan biri elə Vens idi.

Digər mühüm məqam: son 35 ildə - Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra -ABŞ-nin vitse-prezidenti ikinci dəfədir ki, ölkəmizə səfər edir.

Birinci dəfə 2008-ci ildə o vaxt vitse-prezident olan Dik Çeyni Azərbaycana gəlmişdi.

Bundan 18 il sonra Vens vitse-prezident qismində Azərbaycana səfər edib.

Beləliklə, siyasi-diplomatik baxımdan dünyanın ən nəhəng dövlətinin ikinci şəxsinin Bakıya gəlişi tarixi hadisə kimi qiymətləndirilməlidir.

Səfər, təbii ki, yalnız hansısa mesajlar verməyə hesablanmamışdı, formal xarakter daşımırdı, mövcud gerçəkliklər çərçivəsində olduqca ciddi, perspektivləri, regionun, Qərblə əməkdaşlıqların gələcəyini müəyyən edən qərarlarla yadda qaldı.

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması iqtisadi, siyasi, təhlükəsizlik baxımından olduqca mühüm sənəddir.

Bundan irəli gələrək, Azərbaycan və ABŞ arasında ticari, biznes münasibətlərinin inkişafına dair razılaşmalar qısa zamanda böyük nəticələr verəcək.

Bu səfərin ən böyük anlamı isə dünyaya ötürülən mesajdır.

İndiki ABŞ rəhbərliyinin Azərbaycanın önəmini, yerini, çəkisini dəqiqliklə qiymətləndirməsi qlobal miqyasda bütün güclərin nəzərə almalı olduğu məsələdir.

Burada bir haşiyə çıxaq: Bayden administrasiyasının qərəzli, qeyri-dürüst yanaşmaları səbəbindən Azərbaycan haqlı olaraq ABŞ ilə münasibətlərdə ehtiyatlı davranırdı və müəyyən problemlər vardı. Tramp komandası isə Azərbaycanın Qafqaz regionu və dünyadakı proseslərdə nə qədər lazımlı tərəf olmasının, yüksək səviyyədə əməkdaşlığın vacibliyinin fərqindədir.

Vensin səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat açıqlamasındakı bir çox məqamlar konkret ismarışlardır, Azərbaycanın alternativsiz tərəfdaş olmasının bir növ diplomatik dillə bəyan olunmasıdır.

Dövlətimizin belə mövqeyə gəlib çatması Azərbaycan Prezidenti İlham Əliyevin təkcə döyüş meydanında deyil, siyasət meydanında da böyük sərkərdələrdən olmasının bir daha təsdiqidir.

Bu kontekstdə qısa biz izah: Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfərdən, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı ilə suverenliyini tam bərpa edib, separatizmə son qoyduqdan sonra bəlli idi ki, qarşıda bizi diplomatik cəbhədə də savaş gözləyir.

Azərbaycan böyük qələbədən sonra azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri ilə yanaşı, həm də bölgədə davamlı əmin-amanlıq üçün əlindən gələni etməyə başladı.

Bunun paralelində Qafqazda sabitlik, Azərbaycanla Ermənistan arasında sülh istəməyən qüvvələrin böyük təxribatları ilə savaşa start verdik.

Başqa sözlə, Azərbaycana qarşı diplomatik və siyasi masalarda savaş dərhal başlamışdı.

Bunun nə qədər ağır bir proses olduğunu ictimai-siyasi proseslərin içərisində olan adam kimi qeyd edə bilərəm. Hətta bəziləri iddia edirdilər ki, diplomatik masada qələbəmiz mümkün olmaya bilər.

Nəticə isə göz önündədir: Azərbaycan haqlı tərəf kimi siyasi-diplomatik masada da qalib gəldi!

Azərbaycanın yaratdığı reallıqlar çərçivəsində sülh ABŞ-də təsbit olunub, TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə böyük proses başlayır, Birləşmiş Ştatlarla tam yeni bir mərhələyə qədəm qoyulur.

Dünyanın lider dövlətinin Azərbaycan ilə bu cür əməkdaşlıq kursunu seçməsi, təbii ki, beynəlxalq miqyasda bütün qüvvələrin - hansı ki, onların bəziləri dövlətimizə münasibətdə səmimi deyillər - ciddi nəticələr çıxarması üçün yetərli əsasdır.

Nəhayət, sonda bir vacib məqamı xüsusi vurğulayaq: Azərbaycanın ABŞ ilə əməkdaşlığı, tərəfdaşlığı bu cür dərinləşdirməsi ölkəmizin müstəqil, balanslı siyasət kursuna sadiqliyinin bariz nümunəsidir.

Rəsmi Bakı bütün siyasi qütblərlə bərabər əməkdaşlıq edir. Həm Şimalla, həm Qərblə dövlətimizin, xalqımızın milli maraqları çərçivəsində davranılır. Türk Dövlətləri Təşkilatında Azərbaycanın bir əsas məqsədi də məhz dünyadakı proseslərin balanslı təşkilinə nail olmaqdır.

Azərbaycanın bütün çevrələrdən isə bir istəyi, arzusu, tələbi var: bizimlə qərəzsiz, sağlam siyasi mövqelərə söykənilərək davranılsın.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
oxu.az

1Mənbələr