AZ

Bu dərslər qaydalara uyğun keçirilmir - Ekspert: "Məktəblərdə ən yaralı yerimiz budur"

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa ölkələri ilə müqayisədə daha aşağıdır və bu tendensiya illərdir davam edir. Onun sözlərinə görə, məktəblərdə uşaqlara balanslı və keyfiyyətli yemək verilməsi zərurətə çevrilib, çünki ailələrə göstərilən sosial yardımlar hər zaman uşaqların qidalanmasına yönəlmir. Deputat həmçinin qeyd edib ki, məktəblərin ətrafında spirtli içkilər, energetik içkilər və qəlyan satışı kimi qanunsuz hallar mövcuddur və bu istiqamətdə effektiv nəzarət yoxdur.

Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a bildirdi ki, millət vəklinin dediyi kimi, Azərbaycanda uşaqların boy göstəriciləri Avropa ölkələri ilə müqayisədə aşağıdır:

"Bu gün bunu qəbul edirik, bəli, doğrudur, aşağıdır və bu tendensiya illərdir davam edir. Məktəblərdə uşaqlara balanslı və keyfiyyətli yemək verilməsi zərurətə çevrilib. Çünki ailələrə göstərilən sosial yardımlar hər zaman uşaqların qidalanmasına yönəldilmir. Bu yöndə də onun haqlı tərəfləri var. Bəli, sosial yardımlar ailəyə verildiyi təqdirdə, ailələr bəzən həmin vəsaiti öz digər problemlərini həll etməyə sərf edirlər. Yəni onu uşaqların tam qidalanmasına xərcləmirlər. Bunun da müəyyən haqlı tərəfləri var, yəni ailənin də haqlı tərəfi var. Ailəyə verilən sosial yardım zamanı başqa problemlər ortaya çıxdığı təqdirdə, əlbəttə ki, həmin vəsait o problemlərin həllinə istifadə oluna bilir. Bu isə istər-istəməz həmin məbləğin və ya yardımın uşaqların qidalanmasına sərf edilməsində müəyyən çətinliklər yaradır. Ümumiyyətlə, bizdə qidalanma məsələsində həqiqətən də ciddi problemlər var. Qidaların təhlükəsizliyi o qədər də ürəkaçan səviyyədə deyil. Hansı qidanın haradan və hansı şəkildə bizə gəldiyi və burada hansı formada yoxlanıldığı bir qədər müəmmalı görünür. Ona görə də hesab edirəm ki, bu istiqamətdə müvafiq qurumlar mütləq zəruri tədbirlər görməlidirlər. Qidalanma məsələsi ümumilikdə insanların, xüsusilə də uşaqların və azyaşlıların gələcəyinə həm müsbət, həm də mənfi təsir göstərir", - deyə o vurğuladı.

Müsahibimiz boy məsələsindən də danışdı:

"Bizim gənclərimizin və ailələrin uşaqlarını orta ümumtəhsil məktəblərində və ya məktəbdənkənar vaxtlarda idmana yönləndirməsi bir qədər çətin görünür. Burada hər hansı konkret bir idman növündən söhbət getmir. Bizdə, məsələn, basketbol boy artımı üçün daha əlverişli idman növü hesab olunur, üzgüçülük də boy uzatmaq üçün faydalı sayılır. Əslində, mən bunu dəfələrlə demişəm, orta məktəblərdə ən yaralı yerimiz məhz budur. Orta məktəblərdə fiziki tərbiyə müəllimlərinin təxminən 80 faizi Elm və Təhsil Nazirliyi tərəfindən verilən plan və proqrama uyğun tədris prosesini həyata keçirmir. Müəllimə plan verilir və o, həmin plana uyğun dərs keçməlidir. Əgər dərslər plana uyğun keçirilsə, orada voleybol da var, basketbol da var, turnik də var və digər idman növləri də mərhələli, ardıcıl və düzgün şəkildə proqrama daxil edilib. Sadəcə olaraq bəzi müəllimlər ya rahat olsunlar deyə, ya da şagirdlərin istəklərinə əsasən bir top atırlar və bununla da dərs başa çatır, uşaqlar futbol oynayır və idman dərsi bu şəkildə keçirilir. Bu, düzgün deyil. İdman dərsləri qaydalara uyğun keçirilsə, uşaqların inkişafına da müsbət təsir göstərər.

Bununla yanaşı, valideynlər də öz övladlarını məktəbdənkənar vaxtlarda idmana yönləndirməlidirlər. Bildiyiniz kimi, həftədə bir dəfə idman dərsi olur. Həftənin digər günlərində də uşaqların fiziki fəaliyyətlə məşğul olması vacibdir. Burada idman növü dedikdə mütləq döyüş idman növləri nəzərdə tutulmur. Xeyr, buna ehtiyac yoxdur. Fiziki sağlamlığı inkişaf etdirən və boy artımına müsbət təsir göstərən idman növləri var: turnik, dartınma hərəkətləri, gimnastika, basketbol və s. Valideynlər uşaqların bu fəaliyyətlərlə məşğul olmasına mütləq dəstək verməli və köməklik göstərməlidirlər. Amma çox təəssüf ki, nə orta ümumtəhsil məktəblərində bu istiqamətdə lazımi addımlar atılır, nə də valideynlər tərəfindən yetərli tədbirlər görülür. Məhz buna görə də uşaqların boy inkişafı istənilən səviyyədə deyil".

Ramin Nurəliyev də deputatın fikirlərinə qoşularaq vurğuladı ki, məktəblərin yaxınlığında energetik içkilər və qəlyan satışı mövcuddur və bu istiqamətdə effektiv nəzarət yoxdur:

"Bu fikirlə tamamilə razıyam. Məktəblərin ətrafında əvvəllər əsasən kitab, dərs vəsaiti, qələm və digər məktəb ləvazimatları satılırdı. Amma bu gün çox təəssüf ki, məktəblərin ətrafında daha çox spirtli içkilər, qazlı və energetik içkilər, siqaret, hətta tək-tək satılan siqaretlər, qəlyanxanalar və gəncliyi zərərli vərdişlərə cəlb edən satışlar həyata keçirilir. Bəzən həmin yerlərdə qanunsuz həblər də satılır. Narkotik vasitələrə yaxın təsirə malik, şəffaf qablaşdırmada olan həblər şagirdlərə təqdim olunur. Şagird ora mütəmadi daxil olub əvvəlcə siqaret alır, sonra digər məhsulları alır və tədricən daha təhlükəli maddələrə alışır. Çox təəssüf ki, bu istiqamətdə nəzarət mexanizmi olduqca zəifdir. Hesab edirəm ki, millət vəkili bu məsələdə tamamilə haqlıdır. Müvafiq qurumlar zəruri tədbirlər görməlidir. Gəncliyimiz uçuruma gedir. Gəncliyimizi bir tərəfdən sosial platformalar zəhərləyir, bir tərəfdən məktəblərin ətrafındakı hadisələr zəhərləyir, digər tərəfdən isə qida sahəsindəki problemlər zəhərləyir. Yəni gəncliyimiz faktiki olaraq zəhərlənir".

Nuriyyə NATİQQIZI

Seçilən
9
1
redaktor.az

2Mənbələr