AZ

Vensin Bakı səfərində NATO sürprizi: İrəvanda sükut, Bakıda "üzvlük" çağırışı – ÖZƏL

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri beynəlxalq diqqət mərkəzindədir. Səfərin ən diqqətçəkən məqamı isə NATO-nun Balkanlarda Genişlənməsi üzrə Avstriya Komitəsinin sədri Günter Felinqerin paylaşımı olub. Felinqer prezident İlham Əliyevin paylaşımına reaksiya verərək, "Azərbaycanı NATO-ya qoşulmağa çağırıram" ifadəsini işlədib. Maraqlıdır ki, Vens Bakıdan bir gün əvvəl İrəvanda olsa da, Ermənistanla bağlı oxşar NATO çağırışı səsləndirilməyib.

"Azərbaycan NATO üçün vacib ölkədir. Ölkəmiz Cənubi Qafqazın aparıcı dövlətidir və son illərdə ordusunu NATO standartlarına uyğun şəkildə qurur və modernləşdirir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bütün bu amillər Azərbaycanı NATO üçün cəlbedici edir. Buna görə də ölkəmizlə bağlı belə fikirlərin səsləndirilməsi təbii və gözləniləndir. Görünür ki, NATO daxilində Azərbaycanla daha sıx əməkdaşlığı arzulayan qüvvələr mövcuddur. Eyni zamanda Azərbaycan son dövrlərdə qlobal siyasətdə də aktiv iştirak edir və regional sabitliyin təmin olunmasında öz rolunu göstərir. Bu da beynəlxalq təşkilatların Azərbaycana marağını artırır. Söhbət təkcə NATO-dan getmir. Həm Qərb təşkilatları, həm də Rusiya orbitində olan qurumlar müxtəlif dövrlərdə Azərbaycana əməkdaşlıq və ya üzvlüklə bağlı təkliflər irəli sürüblər. Qərb təşkilatları tərəfindən də Azərbaycana ciddi maraq var. Halbuki bir çox ölkələr illərlə həmin təşkilatlara üzv olmaq üçün müraciətlər edir, lakin qəbul olunmurlar. Azərbaycanla bağlı vəziyyət fərqlidir.

Ekspert qeyd edib ki, Azərbaycan öz iqtisadi potensialına görə güclü dövlətdir və müstəqil şəkildə ayaqda durmağı bacarır. Digər mühüm amil isə ölkənin güclü ordusudur. Azərbaycan Ordusu qısa müddətli müharibədə qələbə qazanmış, real döyüş şəraitində öz gücünü sübut etmiş ordudur. Faktiki olaraq, 44 günlük müharibə zamanı Ermənistanın istifadə etdiyi hərbi arsenalın böyük hissəsi Rusiya istehsalı idi və Azərbaycan Ordusu həmin arsenal qarşısında üstünlük əldə etdi. Bu da ölkənin hərbi gücünü göstərən mühüm göstəricidir.
Bütün bunlar Azərbaycanı NATO üçün cəlbedici ölkəyə çevirir. Lakin Azərbaycanın konkret və balanslaşdırılmış xarici siyasət kursu var. Cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli təhlükəsizliyinin qorunmasına və milli maraqların xarici siyasətdə prioritet kimi irəli çəkilməsinə əsaslanır. Bu səbəbdən də Azərbaycan rəhbərliyi xarici siyasətdə hər zaman milli maraqlara söykənən mövqe nümayiş etdirir. Kənardan edilən çağırışlar və ya təkliflər əsas deyil. Əsas olan Azərbaycanın milli maraqlarına uyğun olan istiqamətdir və xarici siyasət məhz bu prinsip üzərində formalaşdırılır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr