“Zəfər varisləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun təşkilatçılığı ilə internat məktəblərinin şagirdlərinin xüsusi təyinatlı təhsil müəssisələrinə hazırlanmasına dair tədbirlərin icrasına başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Layihə çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin iştirakı ilə 1 və 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşlər keçirilib.
Görüşlərdə hərbi təhsil müəssisələri barədə geniş məlumat verilib və qəbulla bağlı videoçarxlar nümayiş etdirilib. Həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlərin sənədlərinin qəbulu və qeydiyyatı aparılıb, imtahanlara hazırlıq üçün zəruri tədris vəsaitləri ilə təminatına köməklik göstərilib.
Şagirdlərə bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı hərbi təhsil müəssisələrində təhsil aldıqları müddətdə də davam edəcək, məzun olduqdan sonra isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Silahlı Qüvvələrimizdə qürurla xidmət edəcəklər.