AZ

Alimlər Alzheimer xəstələrinin tanış mühitdə niyə itdiyini müəyyənləşdiriblər

University College London-un alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyi beyində yaddaşa cavabdeh olan xüsusi “məkan neyronlarını” zədələyərək beynin məlumatı emal mexanizmini pozur.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Current Biology (CBio) jurnalında dərc olunub.

Araşdırma çərçivəsində beyində beta-amiloid yığıntıları olan siçanlar üzərində təcrübələr aparılıb. Məlumdur ki, bu zülal sinir hüceyrələrinin normal fəaliyyətinə mane olur və Alzheimer xəstəliyinin inkişafında mühüm rol oynayır. Təcrübə zamanı heyvanlar labirintdə istiqamət tapmaqda çətinlik çəkərkən alimlər hipokampus nahiyəsində yerləşən və “yer hüceyrələri” adlandırılan xüsusi neyronların aktivliyini izləyiblər. Bu hüceyrələr məkan yaddaşına cavabdehdir.

Normal şəraitdə yer hüceyrələri istirahət zamanı müəyyən ardıcıllıqla aktivləşərək yaddaşın uzunmüddətli saxlanmasına xidmət edən “təkrar canlandırma rejimi” formalaşdırır. Lakin amiloid yığıntıları olan siçanlarda bu mexanizm pozulub. Nəticədə xatirələr beynin ayrı-ayrı səhnələrinə bölünüb və heyvanlar daha əvvəl keçdikləri labirint hissələrini tez-tez unudublar. Zaman keçdikcə yer hüceyrələrinin sabitliyi azalıb və onların konkret məkanla əlaqəsi zəifləyib.

Tədqiqat müəlliflərinin fikrincə, oxşar proses Alzheimer xəstələrində də baş verir. Bu araşdırma hipokampusdakı neyron aktivliyinin pozulmasının yaddaş itkisinə necə təsir etdiyini daha dərindən anlamağa imkan yaradır və erkən diaqnostika ilə yanaşı, beynin “təkrar canlandırma rejimini” bərpa etməyə yönəlmiş müalicə üsullarının hazırlanmasına zəmin yarada bilər.

Alimlər bildirirlər ki, hər yeni elmi nəticə xəstəliyin ilkin mərhələdə daha dəqiq aşkarlanmasına şərait yaradır və müalicəyə vaxtında başlamaq üçün əlavə imkanlar açır. Eyni zamanda, hipokampal neyronlarda təkrar aktivliyi artıran preparatların hazırlanması perspektivli hesab olunsa da, təhlükəsiz müdaxilə mexanizmlərinin tam aydınlaşdırılması vacibdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
33
editor.az

1Mənbələr