AZ

Azərbaycan və ABŞ münasibətlərində tarixi hadisə ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı il 10 fevral tarixdə ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək səfərin əhəmiyyətini yüksək qiymətləndirib və Tramp-Vens administrasiyasına Azərbaycana göstərilən müsbət münasibətə görə minnətdarlığını bildirib.

Dövlət başçısı İlham Əliyev bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması son altı ay ərzində aparılan intensiv və məqsədyönlü fəaliyyətin nəticəsidir. Altı ay əvvəl Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və Xartiyanın hazırlanması üçün İşçi Qrupunun yaradılması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Dövlətimizin başçısı vurğulayıb ki, dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq Azərbaycan üçün böyük şərəfdir.

Bəyanatda Cənubi Qafqazda sülh prosesinə də xüsusi yer ayrılıb. Prezident İlham Əliyev ABŞ rəhbərliyinə regionda sülhün təşviqi istiqamətində göstərilən səylərə görə təşəkkür edib. Qeyd olunub ki, ötən ilin avqustunda Ağ Evdə paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə regionda sabitliyin möhkəmlənməsinə töhfə verib və artıq altı aydır ki, tərəflər sülh şəraitində yaşayırlar.

Prezident Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin region üçün strateji əhəmiyyətini vurğulayıb. Bu layihə Azərbaycan ərazisi vasitəsilə region ölkələrini birləşdirməklə yanaşı, Asiya ilə Avropa arasında etibarlı və təhlükəsiz nəqliyyat dəhlizi yaradacaq. Prezident həmçinin Azərbaycanın Ermənistana tranzit və enerji təchizatı sahəsində atdığı addımların qarşılıqlı etimad və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Strateji Tərəfdaşlıq Xartiyası əməkdaşlığın geniş spektrini əhatə edir. Sənəddə regional bağlantılar, enerji, ticarət və tranzit, rəqəmsal infrastruktur, süni intellekt, iqtisadi sərmayələr, təhlükəsizlik və müdafiə sahələri üzrə birgə fəaliyyət istiqamətləri müəyyən olunub. Xüsusilə Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı, kritik mineralların tranziti, həmçinin süni intellekt və data mərkəzlərinin yaradılması prioritet istiqamətlər kimi göstərilib.

Təhlükəsizlik sahəsində tərəflər müdafiə əməkdaşlığının genişləndirilməsi, antiterror fəaliyyətinin gücləndirilməsi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması, eləcə də humanitar minatəmizləmə istiqamətində əməkdaşlığın artırılması niyyətini ifadə ediblər.

Xartiyanın icrası məqsədilə iqtisadiyyat, enerji, rəqəmsal inkişaf və təhlükəsizlik sahələri üzrə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. Bu qruplar imzalanmadan sonrakı üç ay ərzində konkret layihələr və yol xəritələri hazırlayacaqlar. Tərəflər həmçinin ildə ən azı bir dəfə müntəzəm görüşlərin keçirilməsini planlaşdırırlar.

ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında münasibətlərin dərinləşdiyini və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənəd regional sülhün möhkəmləndirilməsinə, iqtisadi və texnoloji inkişafın sürətlənməsinə, təhlükəsizlik əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcəkdir. Azərbaycan və ABŞ arasında formalaşan strateji tərəfdaşlıq regionda sabitlik və rifahın təmin olunmasına xidmət edən mühüm platforma kimi çıxış edəcəkdir.

Ölkə başçısı vurğulayıb ki, Vitse-prezident Vensin səfəri, aparılan danışıqların məzmunu və imzalanmış Strateji Xartiya Azərbaycan-ABŞ münasibətlərində tarixi hadisədir və əlaqələri tamamilə yeni mərhələyə yüksəldir, regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
sesqazeti.az

2Mənbələr