Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunda görüş keçiriblər.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşün əsas məqsədi taborun fəaliyyət istiqamətləri ilə tanışlıq və fövqəladə hallar zamanı xüsusi təlim keçmiş xidməti itlərin tətbiqi ilə həyata keçirilən əməliyyatlar barədə fikir mübadiləsi aparmaq olub.
Şura üzvləri üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun fəaliyyəti barədə təqdimat edilib. Qeyd olunub ki, tabor 2007-ci ildən fəaliyyət göstərir və əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, həmçinin bu halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi təlim keçmiş xidməti-axtarış itlərindən istifadə edir. Taborun əsas fəaliyyət istiqamətləri mühafizə, canlı insan axtarışı, cəsəd axtarışı, partlayış təhlükəli maddələrin axtarışı və işğaldan azad olunmuş ərazilərdə mina axtarışıdır. İtlər təyinatına uyğun seçilir və xüsusi təlim mərhələlərindən keçirilir.
Görüş zamanı Şura üzvləri itlərin təlim-məşq prosesini izləyiblər.