AZ

"Ərəb dövlətləri ilə əlaqələr dinamik şəkildə inkişaf edir" - ŞƏRH

"Prezident İlham Əliyevin Ərəb Parlamenti Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi olduqca mühüm siyasi prosesin göstəricisidir. Bu görüş Azərbaycanın son dövrlərdə daha da fəallaşdırdığı çoxvektorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilə bilər"

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, rəsmi Bakı dünyanın müxtəlif regionları ilə genişmiqyaslı iqtisadi və ticarət münasibətləri sisteminin qurulmasına xüsusi önəm verir və bu siyasət Azərbaycanın milli maraqlarına tam şəkildə uyğundur: "Bu istiqamətdə artıq ciddi nailiyyətlər əldə olunub. Xüsusilə son dövrlərdə ərəb dünyası ilə əlaqələrin inkişafına xüsusi diqqət ayrılır.

Ərəb dövlətləri ilə münasibətlər Azərbaycan üçün strateji xarakter daşıyır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.

Azərbaycanın Suriya böhranının nizamlanması prosesində iştirakı, Suriyanın enerji resursları, xüsusilə təbii qazla təmin olunmasında oynadığı rol, eləcə də Türkiyə ilə birgə Suriyanın infrastrukturunun bərpasında iştirakı ölkəmizin regionda artan nüfuzunun göstəricisidir. Bununla yanaşı, Azərbaycan Yaxın Şərqdə sülh proseslərinin inkişafına töhfə vermək niyyətində olan dövlət kimi çıxış edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin Sülh Şurasında iştirakı da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bu, ərəb dünyasını birbaşa maraqlandıran proseslərin tərkib hissəsidir. Qəzza və Fələstin məsələsinin nizamlanması istiqamətində Azərbaycanın mümkün iştirakı ölkəmizin balanslı və konstruktiv mövqeyini bir daha nümayiş etdirir.

Azərbaycan həm ərəb ölkələri, həm də İsrail ilə normal və sabit münasibətlərə malik nadir dövlətlərdəndir. Bu isə ölkəmizə vasitəçilik və dialoq platforması rolunu oynamaq imkanı verir. Bu baxımdan, Prezident İlham Əliyevin Ərəb Parlamenti Prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi, görüş zamanı həm Azərbaycanı, həm də ərəb dünyasını maraqlandıran məsələlərin müzakirə olunması və tərəflərin mövqelərinin ifadə edilməsi strateji əhəmiyyət daşıyır. Bu proses hər iki tərəf üçün faydalı əməkdaşlıq perspektivlərini daha da genişləndirir.

Beləliklə, demək olar ki, Azərbaycan hazırda təkcə regionun deyil, həm də ərəb dünyasının və daha geniş geosiyasi məkanın diqqət mərkəzində olan dövlətlərindən biridir. Bu proseslər ölkəmizin qlobal miqyasda artan nüfuzunun bariz göstəricisidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
14
1
sia.az

2Mənbələr