AZ

Rəqəmlərin Dili ilə Enerji Strategiyası: 4 Milyardlıq Tarixi Qərarın Analizi

Bu gün fəlsəfə doktoru, professor, Milli Məclisin ən aktiv 10 deputatından biri olan çox hörmətli Sadiq Qurbanovun üç il ərzində ərsəyə gətirdiyi, 3 cilddən ibarət, 2400 səhifəlik, öz maliyyəsi hesabına nəşr olunmuş “Neft və Davamlı İnkişaf: Azərbaycanın Enerji Strategiyası” adlı fundamental əsərinin Prezident Kitabxanasında keçirilən təqdimat mərasimində iştirak etdik.

Təqdimatın moderatoru Milli Məclisin komitə sədri Əli Hüseynli və Prezident Kitabxanasının direktoru Afət Abbasova idi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Belə bir fundamental əsərin Prezident Kitabxanasında təqdim olunması onun dövlətçilik tariximiz və milli enerji siyasətimizin formalaşması baxımından əhəmiyyətinin rəsmi və simvolik təsdiqi kimi qiymətləndirilə bilər.

Tədbirdə neft sahəsində tanınmış akademik elm xadimləri, Milli Məclisin üzvləri və digər dövlət qurumlarının nümayəndələri çıxış edərək əsərin elmi-metodoloji bazasını, iqtisadi məzmununu və strateji yanaşmasını müxtəlif aspektlərdən təhlil etdilər.

Təqdimat zamanı kitabın 305-ci səhifəsində yer alan qrafik və statistik məlumatları ayrıca təhlil etdim. Həmin hissədə göstərilir ki, “Əsrin Müqaviləsi” çərçivəsində “Şahdəniz” perspektiv yatağının kəşfiyyatı və işlənməsi üçün nəzərdə tutulan investisiya həcmi 4 milyard ABŞ dolları təşkil etmişdir. Müqayisə üçün qeyd etdim ki, 1996-cı ildə Azərbaycan Respublikasının dövlət büdcəsinin ümumi həcmi cəmi 400–500 milyon ABŞ dolları səviyyəsində olmuşdur. Bu, investisiya məbləğinin həmin dövrün dövlət büdcəsindən təxminən 8–10 dəfə çox olduğunu göstərir və layihənin iqtisadi miqyasını, risk yükünü və strateji cəsarətini rəqəmlər vasitəsilə aydın şəkildə ortaya qoyur.

Xüsusi vurğuladım ki, belə bir iri həcmli enerji müqaviləsinin heç bir dövlət zəmanəti və girov mexanizmi olmadan imzalanması yalnız uzaqgörən enerji strategiyası, qəti siyasi iradə və formalaşdırılmış beynəlxalq etimad mühiti nəticəsində mümkün olmuşdur. Bu fakt müstəqilliyin ilk illərində müəyyənləşdirilən neft strategiyasının tarixi və geoiqtisadi əhəmiyyətini, eləcə də Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafının möhkəm institusional və maliyyə əsasları üzərində qurulduğunu nümayiş etdirir.

Rəqəmlərin dili ilə desək, bu əsər Azərbaycanın iqtisadi transformasiyasının riyazi modelini təqdim edir. Kitabda neft strategiyasının təməlinin qoyulmasından başlayaraq, enerji gəlirlərinin makroiqtisadi sabitliyə, fiskal dayanıqlığa, infrastruktur quruculuğuna və institusional inkişaf prosesinə təsiri sistemli və ardıcıl şəkildə təhlil olunur.

Eyni zamanda “Davamlı İnkişaf” konsepsiyası çərçivəsində müasir mərhələnin prioritetləri də kompleks şəkildə izah edilir:
* Enerji diversifikasiyası – karbohidrogen gəlirlərinin bərpa olunan enerji mənbələrinə (günəş və külək enerjisi) transformasiyası;
* Qlobal iqlim gündəliyi və COP29 kontekstində Azərbaycanın artan rolu və öhdəlikləri;
* “Yaşıl enerji”yə keçid strategiyasının iqtisadi, institusional və normativ əsasları.

Ensiklopedik xarakter daşıyan, geniş statistik baza və analitik yanaşma ilə zəngin olan bu üçcildlik əsərin təqdimatı məzmun baxımından dolğun, təşkilati cəhətdən yüksək səviyyəli və elmi diskussiya mühiti ilə seçilən mötəbər bir tədbir oldu.
Dövlətimizə xeyirli olsun!

Laçın Abasov
Seçilən
13
onn.az

1Mənbələr