"Biz investisiya mühitinin yaxşılaşmasından danışa bilərik ki, bu şirkətlər ölkəmizdə nümayəndəliklərini açsınlar, istehsal müəssisələri yaratsınlar və yaxud emal zəncirinin hansısa bir həlqəsini burada formalaşdırsınlar. Təbii ki, bu şirkətlərin ölkəmizə gəlməsi və cənab Prezident İlham Əliyevin onları qəbul etməsi həm ölkəmiz üçün çox önəmli, həm də maraqlı hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, amma bu şirkətlərin ölkəmizə gəlməsi hələlik marağın ifadəsidir: "Gələn şirkətlərə baxdıqda görürük ki, onların əsas məqsədi ölkəmizə daha çox məhsul satmaqdır. Burada müəyyən siqnal effekti var. Lakin qeyd etdiyim kimi, real addımlar atıldıqdan sonra vəziyyətin necə olacağını daha dəqiq demək mümkün olacaq. Maraq göstərilməsi özü də müsbət haldır. Bu onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik mövcuddur. Regiona sülhün gəlməsinin də çox böyük təsiri var. Regional tranzit məsələləri də burada mühüm rol oynayır. Əvvəllər bu imkanlar mövcud deyildi. Çünki müharibə dövründə bu layihələr həm çox riskli idi, həm də optimal marşrutlar yox idi. Amma bu gün TRIPP marşrutunun fəaliyyətə başlaması yeni imkanlar yaradır. TRIPP marşrutu, əvvəlki adı ilə Zəngəzur dəhlizi, region üçün yeni iqtisadi perspektivlər açır. Bu məsələ ilə bağlı cənab Prezidentin iştirakı ilə müşavirə də keçirilib. Azərbaycanın rəqəmsal və logistika potensialı artıq dünya miqyasında diqqət cəlb edir. Bu istiqamət bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki iqtisadiyyatın şaxələndirilməsi və diversifikasiya prioritet məsələlərdən biridir. Qeyri-neft sektorunun inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır. Rəqəmsal iqtisadiyyat, fintex, maliyyə texnologiyaları, logistika, turizm, regional data və tranzit mərkəzi kimi sahələr gələcək inkişaf baxımından xüsusi önəm kəsb edir.
Bu proseslər regionun iqtisadi mövqeyinə də müsbət təsir göstərə bilər. Orta Dəhlizin və logistika imkanlarının daha da güclənməsi mümkündür. Rəqəmsal iqtisadiyyatın inkişafı maliyyə sistemində rəqəmsallaşmanın genişlənməsinə, nağdsız ödənişlərin artmasına və fintex sektorunun böyüməsinə səbəb ola bilər.
Xidmət sektoru ilə bağlı qeyd etmək lazımdır ki, “Marriott” və “Coca-Cola” kimi şirkətlər artıq ölkəmizdə fəaliyyət göstərirlər. Bununla belə, “Marriott”un Qarabağ bölgəsində də investisiya layihələri həyata keçirməsi müsbət hal olardı. Lakin burada bir məqamı nəzərə almaq lazımdır. “Marriott” şirkəti adətən birbaşa investisiya qoymur, daha çox öz brendini təqdim edir və idarəetmə standartlarını tətbiq edir. Bu model beynəlxalq otel şəbəkələrinin ümumi fəaliyyət prinsiplərindən biridir. Onlar əsasən brend, idarəetmə və xidmət standartları təqdim edir, bəzən isə bunun müqabilində ödəniş alırlar. Ümumilikdə turizmin inkişafı kompleks yanaşma tələb edir. Hər hansı bir beynəlxalq şirkət nümayəndəsinin ölkəyə səfəri təkbaşına turizmin inkişafı demək deyil. Çünki “Hilton”, “Marriott” və digər beynəlxalq otel şəbəkələri artıq Azərbaycanda fəaliyyət göstərir və bazarda mövcuddur. Bununla belə, bu şirkətlərin fəaliyyətlərini genişləndirməsi gələcəkdə ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərinə də müsbət təsir göstərə bilər".