AZ

Şəmxani yenə "qırmızı xətt"dən danışdı

İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Seyid Əli Xamaneyinin siyasi müşaviri kontr-admiral Əli Şəmxani raket potensialının nüvə müzakirələrinin mövzusu olmadığını bildirərək, İrana qarşı "məhdud" bir hücumun belə regional və genişmiqyaslı müharibəyə yol açacağı barədə xəbərdarlıq edib.

"Cebheinfo.az" xəbər verir ki, Əli Şəmxani ABŞ ilə aparılan diplomatik proses və İranın hərbi doktrinasına dair açıqlamalar verib. Şəmxani Muskatda başlayan danışıqlarda qarşı tərəfin "ciddi" olmasının vacibliyini vurğulayıb.

İrana qarşı mümkün hərbi müdaxilə ssenarilərinə toxunan Şəmxani sərhədyanı müharibə təhdidi ilə bunları deyib:

"İran İslam Respublikasına qarşı, hətta məhdud olsa belə, hər hansı hərbi hücum müharibənin başlaması deməkdir və bu müharibə müəyyən bir coğrafiya ilə məhdudlaşmayacaq".

Müzakirələrin əhatə dairəsi haqqında aydın mesajlar verən Şəmxani müdafiə sənayesi və raket proqramının müzakirəyə qapalı olduğunu ifadə edib:

"Raket məsələsi müzakirə heyətinin səlahiyyət dairəsində deyil".

Bənzər bir açıqlama da İranın xarici İşlər naziri Abbas Əraqçidən gəlib. Tehranda keçirilən hökumətyönlü yürüşdə çıxış edən Əraqçi raket proqramının müzakirə masasında yer almadığını qeyd edib:

"Raketlərimiz müzakirələrin tərkib hissəsi deyil və olmayacaq. Heç kim raketlərimizə qarşı ən kiçik bir müdaxilə belə edə bilməz".

İran və ABŞ heyətləri 6 fevral 2026-cı il, cümə günü Umman dənizinin sahilində, paytaxt Muskatda yeni müzakirə raundu üçün bir araya gəlmişdilər.

Hər iki tərəf bu görüşləri "müsbət" kimi qiymətləndirmiş və dialoqun davam etdirilməsi barədə razılığa gəlmişdilər. Lakin İran rəsmilərinin son açıqlamaları nüvə dosyesi xaricində qalan raket proqramı kimi mövzuların sövdələşmə obyekti olmayacağını bir daha təsdiqləmiş oldu.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr