AZ

Dünyada yeganə lider: İlham Əliyevin balans diplomatiyası yeni güc konfiqurasiyasında –ÖZƏL

"ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Bakıda səsləndirdiyi fikir  "İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətləri olan yeganə dünya lideridir", sıradan diplomatik kompliment deyil. Bu, çoxqatlı və ünvanlı siyasi mesajdır." 

Bu fikirləri əməkdar jurnalist, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, burada  Azərbaycanın geosiyasi mövqeyinin etirafı var. Türkiyə NATO üzvüdür, İsrail Yaxın Şərqin əsas təhlükəsizlik aktorudur, ABŞ isə qlobal gücdür. Bu üç mərkəz arasında eyni anda konstruktiv münasibətləri qoruyub saxlamaq hər liderin bacardığı iş deyil. Vensin bəyanatı əslində Azərbaycanın balanslaşdırılmış xarici siyasət modelinin Vaşinqton tərəfindən açıq şəkildə tanındığını göstərir.
Bu fikir eyni zamanda, regiona yönəlmiş siqnaldır. Cənubi Qafqazda və Yaxın Şərqdə yeni güc konfiqurasiyası formalaşır. Azərbaycan artıq yalnız enerji ixracatçısı deyil, həm də təhlükəsizlik və logistika baxımından strateji qovşaqdır. ABŞ bu reallığı qəbul edir və Bakını müxtəlif geosiyasi oxları birləşdirən körpü kimi görür.

"Düşünürəm ki, bu bəyanatın İsrail kontekstində də xüsusi çəkisi var. Azərbaycan-İsrail münasibətləri uzun illərdir strateji xarakter daşıyır. Türkiyə ilə müttəfiqlik isə tarixi və siyasi əsaslara söykənir. ABŞ rəsmisinin bu üçbucağı eyni cümlədə qeyd etməsi o deməkdir ki, Vaşinqton Bakını regional sabitliyin təminində koordinasiyaedici aktor kimi qiymətləndirir", - deyə B. Quliyev vurğulayıb.

Bu, sadəcə diplomatik nəzakətdirmi? 

Əlbəttə, diplomatiyada sözlər təsadüfi seçilmir. Amma burada adi protokol ritorikasından daha artıq məna var. Bu, İlham Əliyevin uzun illər apardığı çoxvektorlu və praqmatik siyasətin qiymətləndirilməsidir. Azərbaycan nə hansısa blokun əlavəsidir, nə də hansısa gücün peyki. Azərbaycan öz milli maraqları əsasında münasibətlər qurur və eyni zamanda müxtəlif qlobal güclərlə işləməyi bacarır. Eyni zamanda, bu bəyanat Vaşinqtonun regiona baxışında dəyişikliklərin də göstəricisidir. ABŞ anlayır ki, Cənubi Qafqazda davamlı sabitlik üçün Türkiyə faktoru, İsrail faktoru və Azərbaycan faktoru bir-birindən ayrılmazdır. Bu üç xəttin kəsişmə nöqtəsi isə məhz Bakıdır.

"Hesab edirəm ki, Vensin sözləri həm diplomatik jest, həm də strateji mesajdır. Bu, Azərbaycanın artan beynəlxalq çəkisinin və Prezident İlham Əliyevin balans diplomatiyasının beynəlxalq səviyyədə etirafı kimi qiymətləndirilə bilər.
Bu cür bəyanatlar təsadüfi deyil, onlar formalaşmaqda olan yeni geosiyasi reallığın açıq ifadəsidir", - deyə ekspert əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr