Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitinin leqallaşdırılmasında ittiham olunur. Məsələ ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu istintaq prosesinin gedişatına diqqət çəkərək bildirib ki, yayılan materialların bu formada ictimaiyyətə təqdim olunması müəyyən suallar doğurur.
Onun sözlərinə görə, istintaq sirri anlayışı mövcuddur və bu baxımdan məlumatların açıqlanması müxtəlif tərəflərin prosesdən istifadə etməsi ehtimalını da gündəmə gətirir:
“İstintaq materiallarının bu formada yayılması özü də müəyyən suallar doğurur. İstintaq sirri var və bu sirr kimi saxlanılmalıdır. Ola bilsin ki, elə qüvvələr var ki, bu proseslərdə iştirak edir. Tərəflər var və bundan istifadə edə bilərlər”.
Partiya sədri qeyd edib ki, hazırda istintaq mərhələsi davam edir və bu mərhələnin nəticələrinə əsaslanaraq yekun qənaətə gəlmək düzgün olmaz:
“Ümumi şəkildə demək olar ki, istintaq gedir. İstintaqın ayrı-ayrı mərhələlərindən çıxış edib bütövlükdə proses haqqında fikir söyləmək çətindir. Bunun məhkəmə mərhələsi də var. Çünki bir ibtidai istintaq, bir də məhkəmə istintaqı olur. Məhkəmə istintaqı ibtidai istintaqın gəldiyi nəticələri ləğv edə, fərqli nəticələr ortaya qoya bilər”.
Sərdar Cəlaloğlu vurğulayıb ki, hazırda yalnız bir tərəfin mövqeyi ictimaiyyətə məlumdur:
“Bir tərəfin məlumatını bilirik. Digər tərəfin ona irəli sürülən ittihamlarla bağlı mövqeyi, arqumentləri barədə məlumatımız yoxdur. Birtərəfli məlumat əsasında isə həqiqət haqqında fikir söyləmək çox çətindir”.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi istintaq davam edir və hüquqi qiymət məhkəmə mərhələsində veriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
