AZ

Siyasi mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya münasibətləri: Mustafa Şokay (II hissə)

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 fevral, AZƏRTAC

Mustafa Şokay hesab edirdi ki, türk professorların əlifba qərarında bitərəf qalması bu islahatın nüfuzuna böyük zərbə vuracaq, lakin zaman onun bu fikirlərini doğrultmadı. Çünki 1928-ci ilin sonunda Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyədə yeni əlifba qanunu qəbul edildi və 1929-cu ildən ərəb əlifbası qadağan olundu. Krım və Kazan tatarları, özbəklər kimi bəzi müsəlman xalqları arasında müqavimət olsa da, Türkiyənin bu addımı vəziyyəti bolşeviklərin xeyrinə dəyişdi. Türkiyənin latın qrafikasına keçməsi, müqavimət göstərənlərin də proseslə razılaşmasına səbəb oldu.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AZƏRTAC-a təqdim etdiyi “Siyasi mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya münasibətləri: Mustafa Şokay” adlı məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, Qazaxıstanda latın qrafikasının yayılmasına 1929-1931-ci illərdə nəşr olunan “Jarşı” (“Carçı”) jurnalı böyük dəstək verirdi. Lakin çətinliklə qazanılmış latın əlifbası uzunömürlü olmadı (1929-1940). Artıq 1940-cı il noyabrın 13-də “Qazax dilinin latın qrafikasından rus qrafikası əsasında əlifbaya keçirilməsi haqqında” Qanun qəbul edildi.

1929-1939-cu illərdə bir çox SSRİ xalqları latın qrafikasına keçmişdi. Hətta rus dili qrafikasının latınlaşdırılması nəzərdə tutulmuş və bunun üçün xüsusi əlifba hazırlanmışdı. Lakin 1930-cu il yanvarın 25-də İ.Stalin bu prosesi dayandırdı. “Türk” sözü komitə adlarından çıxarıldı, latın qrafikasına keçid qəti şəkildə qadağan edildi. İkinci Dünya müharibəsinin gərginliyi başladı. Belə bir şəraitdə SSRİ “dünya inqilabının bəxş etdiyi dünya əlifbası” ideyasından imtina etdi və ölkənin müharibədə qalib gəlməsinə yönəlmiş addımlara kökləndi. Beləliklə, partiya daxilində də siyasət dəyişirdi. Ölkəni qırmızı terror bürüdü…

1930-cu ildən etibarən müşahidələr aparılır, Kiril əlifbasına qarşı çıxmaq ehtimalı olan yerli ziyalılar sorğu-sual edilir, siyahıları tərtib olunurdu. Kirill əlifbasına keçid prosesi ziyalıların məhv edilməsi ilə müşayiət olunan bir “təmizləmə” kampaniyasına çevrilmişdi. Bu repressiyaların nəticəsi olaraq, 1937-ci ildə Ə.Baytursınov, T.Jurgenyev, T.Rıskulov və Bakıda fəaliyyət göstərən professorlar B.Çobanzadə ilə Q.Qubaydullin kimi şəxsiyyətlər “antisovet təbliğatı” ittihamı ilə güllələnməyə məhkum edildilər. Onların ölüm hökmü 1937-ci il dekabrın 8-də icra olundu.

Mustafa Şokay qurultayda iştirak etməsə də, onun ideyaları tədbirin ruhuna yaxın idi. O da türk xalqlarının mədəni birliyini, ana dilinin milli kimlik kimi qorunmasını və cəmiyyətin modernləşdirilməsini dəstəkləyirdi. Lakin Şokayı narahat edən əsas məqam isə bu islahatların sovet sistemi daxilində aparılması idi. O hesab edirdi ki, siyasi azadlıq olmadan mədəni inkişaf mümkün deyil və 1930-cu illərin repressiyaları onun bu fikrini qanlı şəkildə sübut etdi. Şokay ilə Bakı Qurultayının müqayisəsi türk hərəkatının iki yolunu aydın şəkildə göstərdi. Birinci yol elmi-mədəni baxımdan mümkün, lakin siyasi baxımdan məhdud sovetdaxili yol idi. İkinci yol isə siyasi baxımdan radikal, lakin real fəaliyyət imkanlarından məhrum mühacirət yolu idi.

Məqalənin I hissəsi ilə buradan tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
azertag.az

2Mənbələr