AZ

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avrasiya nəqliyyat və logistika sisteminin vacib halqasına çevirib RƏY

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 fevral, AZƏRTAC

Cənubi Qafqaz regionu son illər qlobal geosiyasi proseslərin intensivləşdiyi mühüm məkanlardan birinə çevrilib. Bu kontekstdə Azərbaycan ABŞ üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından strateji tərəfdaş kimi diqqət mərkəzində qalır. Vaşinqtonun region siyasətində Azərbaycanın rolu enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, regional sabitlik və geosiyasi balans faktorları ilə şərtlənir.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın zəngin enerji resursları və bu resursların beynəlxalq bazarlara təhlükəsiz şəkildə çıxarılması imkanları ABŞ üçün xüsusi əhəmiyyət daşıyır.

“Xəzər hövzəsinin mühüm enerji istehsalçılarından olan Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr ABŞ-ın Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasəti ilə üst-üstə düşür və regionun enerji xəritəsində Azərbaycanın mövqeyini gücləndirir. Digər tərəfdən, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avrasiya nəqliyyat və logistika sisteminin vacib halqasına çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Orta Dəhliz vasitəsilə Asiya ilə Avropa arasında alternativ ticarət marşrutlarının formalaşmasında mühüm rol oynayır. Bu isə ABŞ üçün qlobal ticarət əlaqələrinin diversifikasiyası və regionda iqtisadi sabitliyin təşviqi baxımından əhəmiyyətlidir. Regional təhlükəsizlik məsələləri də Azərbaycan-ABŞ münasibətlərində mühüm yer tutur.

Azərbaycan uzun illər NATO ilə tərəfdaşlıq proqramlarında iştirak edib, beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verib və terrorizmlə mübarizə istiqamətində əməkdaşlıq edib. Bu faktor ABŞ üçün Cənubi Qafqazda etibarlı tərəfdaş mövqeyini gücləndirir. Bununla yanaşı, Azərbaycanın yerləşdiyi geosiyasi mühit – Rusiya, İran və Yaxın Şərq regionuna yaxınlıq – Vaşinqton üçün ölkənin strateji əhəmiyyətini artıran əsas amillərdəndir. ABŞ regionda sabitliyin qorunması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və siyasi dialoqun inkişafında Azərbaycanın rolunu vacib hesab edir. ABŞ şirkətləri Azərbaycanın enerji sektorunda uzunmüddətli fəaliyyət göstərir, həmçinin nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlıq imkanları genişlənir. Bu münasibətlər iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə zəmin yaradır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ABŞ üçün Cənubi Qafqaz regionunda enerji tərəfdaşı, mühüm tranzit ölkə və regional sabitliyin təminində təsirli aktor kimi strateji əhəmiyyətini qoruyub saxlayır. Mövcud geosiyasi reallıqlar fonunda bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azertag.az

2Mənbələr