AZ

Paşinyanın Vensin qabağına Azərbaycan xalçası sərməsinin PƏRDƏARXASI: Məqsəd nə olub?

Britaniyanın “The Guardian” qəzeti ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri zamanı diqqətçəkən bir detalı önə çıxarıb. Nəşrin yazdığına görə, rəsmi qarşılanma mərasimində standart protokola uyğun qırmızı xalça əvəzinə, Vensin təyyarəsinin pilləkənləri önünə şərq naxışlı Azərbaycan xalçası sərilib.

Məsələ sosial şəbəkələrdə və ekspert dairələrində müzakirələrə səbəb olub. Bəzi şərhçilər bunu sadəcə dekorativ seçim kimi qiymətləndirsə də, digərləri hadisəyə mədəni-siyasi kontekstdə yanaşırlar. Bu tip simvolik addımların gələcəkdə daha açıq mədəni-siyasi qarşıdurmalara zəmin yaradıb-yaratmayacağı sual doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Ermənistan tərəfindən Azərbaycan xalçası ilə yanaşı, Azərbaycan musiqisi, mətbəxi və digər milli-mənəvi dəyərlərin mənimsənilməsi halları da mövcuddur.

Onun sözlərinə görə, məsələyə fərqli rakursdan yanaşmaq da mümkündür:

“Ermənilər Cənubi Qafqaza yerləşdikdən sonra Azərbaycanın mədəni təsirinə o qədər məruz qalıblar ki, artıq Azərbaycan xalqının yaratdığı bir sıra milli-mənəvi dəyərləri öz mədəni mühitlərinin tərkib hissəsi kimi qəbul ediblər və bununla mədəni həyatlarını zənginləşdiriblər”.

Politoloq hesab edir ki, Ermənistanın mədəni məişət həyatından Azərbaycan xalqına məxsus elementlər çıxarıldığı təqdirdə, ortaya zəif mənəvi baza çıxa bilər. Onun fikrincə, bu cür iddialar zaman-zaman mübahisələrə yol açır və regionda əlavə gərginlik yaradır.

T.Əliyev vurğulayıb ki, Azərbaycanın milli-mənəvi dəyərlərinin daha qədim tarixi nümunələrə və çoxsaylı faktlara söykənməsi bu irsin kimə məxsus olduğunu beynəlxalq ictimaiyyətə sübut etməyə imkan verir:

“Tarixi faktlar və qədim nümunələr Azərbaycan xalqının yaratdığı mədəni irsin mənsubiyyətini nümayiş etdirmək baxımından kifayət qədər əsas verir. Bu məsələdə sübut bazamız möhkəmdir”.

Ekspert əlavə edib ki, bu kimi məsələlərin emosional müstəvidə deyil, elmi və tarixi faktlara əsaslanan arqumentlərlə təqdim olunması daha məqsədəuyğundur.

Onun qənaətincə, mövzunun siyasiləşdirilməsi və mübahisələndirilməsi regionda pozucu qüvvələrin maraqlarına xidmət edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr