AZ

Professor: Azərbaycan florası botaniki coğrafi baxımdan bir neçə əsas rayona bölünür

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan florası botaniki-coğrafi baxımdan Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış zonası və Naxçıvan Muxtar Respublikası əraziləri olmaqla bir neçə əsas rayona bölünür. Hər bir region özünəməxsus floristik tərkibə və endemizm səviyyəsinə malikdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov məlumat verib. Professorun sözlərinə görə, Böyük Qafqaz regionunda əsasən meşə və subalp bitki örtüyü üstünlük təşkil edir. Burada fıstıq, vələs, palıd, ağcaqayın kimi meşəyaradıcı növlərlə yanaşı, çoxlu relikt və endemik bitkilərə rast gəlinir.

Kiçik Qafqaz ərazisində isə dağ-meşə və dağ-çəmən ekosistemləri geniş yayılıb. Bu zonada bir sıra nadir və dərman əhəmiyyətli bitki növləri mövcuddur.

Kür-Araz ovalığı yarımsəhra və səhra tipli bitki örtüyü ilə xarakterizə olunur. Həmin ərazilərdə şoranlığa davamlı bitkilər – halofitlər geniş yayılıb və spesifik ekoloji şəraitə uyğunlaşmış flora formalaşıb.

Talış zonası rütubətli iqlimi və relikt Hirkan meşələri ilə seçilir. Burada dəmir ağacı, şabalıdyarpaq palıd, azat ağacı kimi nadir və qiymətli növlər qorunub saxlanılıb.

Naxçıvan Muxtar Respublikası ərazisi isə kontinental iqlim şəraitində formalaşmış kserofit və dağ-çöl bitkiləri ilə xarakterizə olunur.

Azərbaycanın zəngin florası ölkənin bioloji müxtəlifliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
azertag.az

2Mənbələr