AZ

Azərbaycan üç istiqamətli hazırlığa başladı Prezidentdən mühüm tapşırıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirə mahiyyət etibarilə texnoloji gündəlik kimi deyil, dövlət idarəetməsinin yeni mərhələyə keçidi ilə bağlı siyasi-strateji manifest kimi qiymətləndirilməlidir. Prezidentin çıxışında yer alan istiqamətlər göstərir ki, rəqəmsallaşma, süni intellekt və data mərkəzləri məsələsi ayrıca sahə deyil, Azərbaycanın post-neft, post-müharibə və post-bərpa mərhələsində yeni inkişaf modelinin əsas sütunu kimi nəzərdə tutulur”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, Prezidentin nitqində üç əsas məqam nəzərə çarpır:

“Bunlardan birincisi keçmiş təcrübənin kapitala çevrilməsi, ikincisi mövcud üstünlüklərin rəqəmsal iqtisadiyyata transferi, üçüncüsü isə dövlət idarəçiliyinin struktur islahatı – vahid platforma, koordinasiya, kadr, kibertəhlükəsizlik, AI-nin tətbiqi ilə bağlıdır. Bu üç xətt bir yerdə “rəqəmsal arxitektura” anlayışını texniki termin çərçivəsindən çıxarıb geosiyasi və geoiqtisadi strategiyaya çevirir.

Prezidentin nitqinin ən diqqətçəkən məqamlarından biri enerji generasiya gücü ilə data mərkəzləri arasında qurulan birbaşa əlaqədir. Dövlət başçısı açıq şəkildə bildirir ki, rəqəmsallaşma və süni intellekt üçün əsas şərt enerji gücüdür və Azərbaycanın bu sahədə nadir üstünlüyü var. Bu, təsadüfi vurğu deyil. Dünyada böyük texnoloji şirkətlərin data mərkəzlərini harada qurması artıq vergi güzəştlərindən daha çox ucuz, sabit və etibarlı enerji mənbələrindən asılıdır. Azərbaycan burada enerji ixrac edən ölkədir, yaşıl enerji potensialını artırır, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir, fiber-optik xətlər artıq enerji infrastrukturu ilə paralel çəkilib.

Yəni Prezident faktiki olaraq uğur qazanan strategiyaya əsaslanan yeni tezis irəli sürür: Neft-qaz kəmərlərinin taleyini gələcəkdə fiber-optik və data dəhlizləri təkrarlamalıdır. Bu, Azərbaycanın enerji tranzit ölkəsindən informasiya tranzit ölkəsinə keçidi deməkdir.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın eyni vaxtda ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasına, Avropa İttifaqının (Aİ) 10 üzvü ilə strateji sənədlərə, Çinlə hərtərəfli strateji tərəfdaşlığa malik olmasıdır. Bu, sıradan diplomatik siyahı deyil. Rəqəmsal dünya bu gün faktiki olaraq ABŞ–Çin texnoloji rəqabəti üzərində qurulub. Avropa isə hazırkı yarışda normativ və tənzimləyici mərkəz kimi çıxış edir. Azərbaycan bu üç mərkəzlə eyni vaxtda strateji tərəfdaşlıq formatında işləyə bilən nadir ölkələrdəndir.

Bu o deməkdir ki, Azərbaycan Amerika texnologiyası, Çin istehsal və texniki həlləri, Avropa normativ standartları arasında neytral, etibarlı və təhlükəsiz platforma rolunu oynaya bilər”.

Elçin Mirzəbəyli

Mirzbəyli deyib ki, bu, texniki məsələ deyil, rəqəmsal diplomatiyadır:

“Prezidentin ən sərt və prinsipial tapşırıqlarından biri mövcud pərakəndə platformaların ləğvi və bütün dövlət xidmətlərinin “mygov” üzərindən vahid mərkəzdə birləşdirilməsidir. Bu qərar məlumatların mərkəzləşdirilməsi, dövlətin data suverenliyinin güclənməsi, süni intellektin tətbiqi üçün vahid data bazasının formalaşması, korrupsiya risklərinin azalması, dövlət-vətəndaş münasibətlərinin tam rəqəmsallaşması deməkdir. Başqa sözlə, Prezident burada rəqəmsal dövlət modelinə keçidi elan edir. Çıxışda diqqətçəkən yeniliklərdən biri də süni intellekt agentlərinin dövlət məmurlarının gündəlik fəaliyyətində istifadə perspektivinin səsləndirilməsidir. Bu, çox qabaqcıl yanaşmadır. Dünyanın az sayda ölkəsi bunu açıq siyasi səviyyədə dilə gətirir. Bu yanaşma qərarvermədə səhvlərin azalması, sürət və effektivliyin artması, insan faktorundan doğan subyektivliyin minimuma enməsi kimi nəticələr vəd edir. Bu, faktiki olaraq idarəetmənin alqoritmləşdirilməsi deməkdir.

Prezident rəqəmsallaşmanı qısamüddətli layihə kimi deyil, nəsillərarası transformasiya kimi təqdim edir. Orta məktəbdən ali təhsilə, xaricdə təhsildən dövlət qurumlarına qədər vahid kadr strategiyası tələb olunur. Bu yanaşma göstərir ki, məqsəd texnologiya almaq yox, texnologiya yaradan insan kapitalını formalaşdırmaqdır.

Müşavirə Azərbaycanın enerji üstünlüyünü data üstünlüyünə, coğrafi mövqeyini rəqəmsal tranzitə, diplomatik şəbəkəsini texnoloji əməkdaşlığa, dövlət idarəçiliyini alqoritmik modelə transformasiya etməyə hazırlaşdığını göstərir. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ifadəsi isə əslində yeni bir doktrinanın adıdır. Bu doktrina ölkəmizin gələcək inkişaf modelini müəyyən edir. Beləliklə neft gəlirləri ilə qurulan infrastruktur, rəqəmsal gəlirlərin platformasına çevrilməlidir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr