AZ

Azərbaycanın yeni rəqəmsal arxitekturası: dövlət idarəçiliyində transformasiya və strateji inkişaf mərhələsi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkənin inkişaf strategiyasında mühüm mərhələ kimi dəyərləndirilir. Sözügedən müşavirə müasir dövrün əsas çağırışlarından biri olan rəqəmsal transformasiyanın dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində və sosial həyatda tətbiqinin sürətləndirilməsi məqsədinə xidmət edir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda aparılan ardıcıl və sistemli islahatlar nəticəsində ölkənin idarəetmə modeli müasir çağırışlara uyğun şəkildə yenilənir:“ Yeni rəqəmsal arxitektura konsepsiyası, bu islahatların növbəti strateji mərhələsini təşkil edərək dövlətin idarəçilik fəlsəfəsinin, texnoloji infrastrukturunun və ictimai xidmət mexanizmlərinin köklü surətdə yenilənməsini nəzərdə tutur: “Müşavirədə vurğulandığı kimi, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda, idarəçilik mədəniyyətinin dəyişməsi, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid deməkdir. Bu yanaşmanın əsas məqsədi şəffaflığı artırmaq, operativliyi təmin etmək, insan faktorundan asılılığı azaltmaq və vətəndaş məmnunluğunu yüksəltməkdir”.

Nicat İsmayılov

Politoloq vurğulayıb ki, bu gün Azərbaycan artıq regionda elektron hökumət və rəqəmsal dövlət xidmətləri sahəsində qabaqcıl mövqelərə malikdir.

“Elektron imza sistemi, “ASAN xidmət” modeli, “myGov” platforması, vahid dövlət xidmətləri portalı və digər innovativ həllər dövlət idarəçiliyində çeviklik və əlçatanlıq baxımından mühüm nəticələr ortaya qoyub. Yeni vahid fəaliyyət planı isə bütün bu mexanizmlərin inteqrasiya olunmasını, vahid rəqəmsal ekosistemin formalaşdırılmasını və dövlət strukturlarının tam koordinasiyasını təmin etməyə yönəlib. Prezident İlham Əliyevin strateji baxışında dövlət idarəçiliyində şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizə əsas yer tutur. Rəqəmsal platformaların tətbiqi birbaşa insan təmaslarını minimuma endirərək subyektiv qərarların və sui-istifadə hallarının qarşısını alır. Elektron xidmətlərin genişləndirilməsi nəticəsində qərar qəbuletmə mexanizmləri daha sürətli, obyektiv və hesabatlı olur.

Yeni rəqəmsal arxitektura çərçivəsində dövlət qurumları arasında məlumat mübadiləsinin vahid platforma üzərindən həyata keçirilməsi, sənəd dövriyyəsinin tam rəqəmsallaşdırılması, “ağıllı” idarəetmə modellərinin tətbiqi büdcə vəsaitlərinə qənaət etməklə yanaşı, dövlət resurslarından daha səmərəli istifadəni təmin edəcək”-deyə politoloq bildirib.

Nicat İsmayılov qeyd edib ki, müşavirədə xüsusi vurğulanan istiqamətlərdən biri də rəqəmsal iqtisadiyyatın inkişafıdır: “Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın dayanıqlı inkişafı üçün iqtisadiyyatın şaxələndirilməsi və innovativ sahələrin genişləndirilməsi vacibdir. Bu baxımdan, informasiya texnologiyaları, süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və startap ekosistemi ölkənin yeni iqtisadi inkişaf modelinin əsas sütunları kimi çıxış edir. Yeni fəaliyyət planı çərçivəsində texnoparkların genişləndirilməsi, innovasiya mərkəzlərinin yaradılması, gənclərin İKT sahəsində təhsilinin gücləndirilməsi və rəqəmsal sahibkarlığın təşviqi nəzərdə tutulur. Bu addımlar Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.

Rəqəmsallaşma təhsil, səhiyyə və sosial müdafiə sahələrində də keyfiyyətcə yeni mərhələ yaradır. Elektron səhiyyə sistemləri, rəqəmsal təhsil platformaları, onlayn sosial xidmətlər və elektron müraciət mexanizmləri vətəndaşların dövlət xidmətlərinə çıxışını daha rahat və operativ edir”.

Nicat İsmayılov vurğulayıb ki, bu yanaşma xüsusilə regionların inkişafı baxımından böyük əhəmiyyət daşıyır: “Uzaq və kənd ərazilərində yaşayan vətəndaşların keyfiyyətli tibbi və təhsil xidmətlərinə çıxışı məhz rəqəmsal texnologiyalar vasitəsilə təmin olunur ki, bu da sosial bərabərliyin möhkəmləndirilməsinə şərait yaradır”.

“Müasir dövrdə kibertəhlükəsizlik və informasiya suverenliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan yeni rəqəmsal arxitektura çərçivəsində milli kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi, dövlət informasiya ehtiyatlarının qorunması və məlumatların təhlükəsiz saxlanılması prioritet istiqamətlər sırasında yer alır.

Xüsusilə postmünaqişə dövründə informasiya təhlükəsizliyi məsələləri daha da aktuallaşıb. Bu kontekstdə milli rəqəmsal platformaların yaradılması və texnoloji müstəqilliyin gücləndirilməsi Azərbaycanın strateji maraqlarına tam cavab verir.

Yeni rəqəmsal arxitekturanın mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin geniş tətbiqidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rəqəmsal texnologiyaların tətbiqi regionun sürətli bərpasını, dayanıqlı inkişafını və müasir infrastrukturun qurulmasını təmin edir. Bu ərazilərin innovativ texnologiyalar əsasında yenidən qurulması Azərbaycanın gələcək inkişaf modelinin real nümunəsi kimi çıxış edir”-deyə politoloq qeyd edib.

Nicat İsmayılov hesab edir ki, fevralın 11-də keçirilmiş müşavirə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqlədi: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti və strateji baxışı sayəsində ölkə rəqəmsal transformasiya yolunda ardıcıl addımlar ataraq müasir çağırışlara çevik və səmərəli cavab verir.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı dövlət idarəçiliyində şəffaflığın, iqtisadiyyatda rəqabətqabiliyyətin, sosial sahədə isə yüksək həyat keyfiyyətinin təmin olunmasına xidmət edən fundamental yol xəritəsidir. Bu strateji sənəd Azərbaycanın regional liderliyini möhkəmləndirməklə yanaşı, ölkəni qlobal rəqəmsal inkişaf proseslərinin fəal iştirakçısına çevirir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr