AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AQTİ-də olub

Bakı, 12 fevral, Aynur Əlixanlı, foto Azər İbrahimov, video Namiq Abdullayev

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.

AZƏRTAC xəbər verir ki, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycanda qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması əsas prioritet istiqamətlərdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalar çərçivəsində “Qarabağ” futbol klubunun futbolçuları da fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər.

Qurban Qurbanov görüş zamanı vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri, xüsusilə futbolçular üçün, sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır: “Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etmələrinə mühüm töhfə verir”.

Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Qarabağ” futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb.

Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan analiz və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.

Seçilən
2
6
azertag.az

7Mənbələr