AZ

Qəmzə Yusubova: “Şəhərsalma və Memarlıq İli”ndə həyata keçiriləcək layihələr ətraf mühitin qorunmasına diqqəti artıracaq

Bakı, 12 fevral, AZƏRTAC

Memarlıq və şəhərsalma ekologiya ilə çox bağlıdır. Su-kanalizasiya, su, elektrik təchizatı sahəsi, havanın çirklənməsi, tullantıların idarəedilməsi, toplanması, daşınması, yaşıllıqların salınması kimi məsələlər ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır. Küçələr çox geniş olmalıdır. Çünki küçələr dar olarsa, burada atmosfer ciddi şəkildə çirklənir. Yəni küçələrin ölçüsü normal olmadıqda tıxaclar yaranır, sürət zəifləyir və atmosferə zəhərli qazlar, tüstü, insan sağlamlığına çox ciddi mənfi təsir göstərən benzopirenlər atılır.

Bunu AZƏRTAC-a açıqlamasında Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

O bildirib ki, binalar tikilərkən sıxlıq mütləq nəzərə alınmalıdır. “Elə tikilməlidir ki, atmosferdə hava dövr edə bilsin. Küçələr dar, binalar hündür olduqda atmosferdə ciddi problemlər yaranır. Bakıda küləksiz havalarda atmosferdə ştil yaranır və istilik dalğaları, adaları və stresləri formalaşır ki, bu da insan sağlamlığına ciddi təsir göstərən faktorlardandır. Su-kanalizasiya sistemi çox ciddi nəzarətdə olmalıdır. Çünki su və kanalizasiya xətləri üzərində binalar tikilərsə və yaşayış obyektləri qurularsa, bu da mənfi təsirini göstərəcək. İqlim dəyişmələri prosesinə uyğun olaraq qlobal istiləşmə gedir. Bununla bağlı yağıntıların xarakteri dəyişir, yağıntılar leysanlar şəklində düşür. Bu da yağış və kanalizasiya sularının çəkilməsində nəzərə alınmazsa, yenə ciddi problemlər, subasmalar yaranır. Son dövrlərdə Bakıda yağış yağdıqda ciddi problemlərin yarandığına şahid olduq. Yaşayış massivləri salınarkən tullantıların idarəedilməsi də ciddi şəkildə nəzərə alınmalıdır. Məişət tullantıları daşınarkən maşınların rahat hərəkəti həyata keçirilməlidir. Əks təqdirdə, ətraf mühitə ciddi ziyan vurula bilər. Yaşıllıq zonalarının salınması da çox vacib məsələdir. İri şəhərlərdə yaşıllıqların olması, insan və nəqliyyat sıxlığını nəzərə alsaq, yaşıllıq zonalarının sahəsinin genişləndirilməlsi vacibdir. Salınan yaşıllıqlar iqlim dəyişmələri, qlobal istiləşmə fonunda çox vacibdir. Belə ki, həmin yaşıllıqlar oksigen çatışmazlığının qarşısını almağa qismən kömək edər. Əminəm ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçiriləcək layihələr zamanı həmin vacib nüanslar nəzərə alınacaq və görüləcək işlər insanların sağlamlığına, ətraf mühitin qorunmasına bir daha diqqəti artıracaq”, - deyə o vurğulayıb.

Seçilən
41
4
azertag.az

5Mənbələr