AZ

Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda Azərbaycan və Ermənistanla əməkdaşlığa üstünlük verir

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Ermənistan və Azərbaycana sülh məqsədilə tarixi səfər edib. Vens sosial şəbəkədə paylaşdığı videoçarxda ABŞ-ın regionda sülh və tərəfdaşlığa sadiqliyini vurğulayıb. Vens, Prezident Trampın xarici siyasət xəttinə uyğun olaraq iki ölkə ilə əməkdaşlığın gücləndirilməsinin önəmli olduğunu qeyd edib.

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları vitse prezidenti Devid Vens Ermənistan və Azərbaycanda sülh məqsədilə keçirilən bir səfərdə oldu. Hər iki ölkə ilə Strateji Tərəfdaşlıq Xartiyası imzalandı və hər iki ölkəyə müəyyən vədlər verildi. Bu məsələdə Ermənistana təqribən doqquz milyard dollarlıq paket vəd edildi. Bura nüvə enerji texnologiyasının satışı, enerji sahəsində əməkdaşlıq kimi kommersiya xarakterli müqavilə kimi təqdim edilir. Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Bura, Strateji Tərəfdaşlıq Xartiyasının çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və geosiyasi əməkdaşlıq, müdafiə sənayesi və texnologiyalar sahəsində əməkdaşlıq, regionda sülh və ticarət əlaqələrinin daha da yaxşılaşdırılması, texnologiya və innovasiya sahəsində əməkdaşlıq və s. daxildir.

Elşad Musayev

“Əsas məqsəd odur ki, bu bölgədə sülh olsun. Amerika Birləşmiş Ştatlarının da öz maraqları var. Bu, təbiidir. Dünyanın super gücüdür. Bu bölgədə marağı olan çox sayda ölkə var. Təbii ki, bunlar bir-birinə qısqanclıqla yanaşacaqlar. Rusiyanın, İranın eləcə də Fransanın bölgə ilə bağlı öz maraqları var. Bu səbəbdən də, onların qısqanclıqla yanaşmasını gözləmək olar”-deyə Elşad Musayev qeyd edib.

Deputat bildirib ki, tutduğumuz mövqe doğru mövqedir, çünki dünyanın super gücünü bu bölgədə sülhün təminatçısı kimi iştirak etməyə yönləndirə bilmişik və Amerika Birləşmiş Ştatları da Cənubi Qafqazda sülh missiyası ilə çıxış edir.

Elşad Musayev vurğulayıb ki, Amerika Birləşmiş Ştatları tərəfindən, bundan əvvəlki hakimiyyətlər dövründə Azərbaycana qarşı ayrı-seçkilik var idi: “Prezident Donald Trampdan əvvəlki hakimiyyət dövründə birbaşa Ermənistanın tərəfində dururdular. Ermənistana hər cür kömək etmək istəyirdilər. Nensi Pelosi gəlmişdi, Ermənistan üçün göz yaşları tökürdü. İndi dövr zaman dəyişib”.

Elşad Musayev hesab edir ki, Azərbaycanın indi tutduğu mövqe bu bölgənin lider dövləti olmasını daha da önə çəkir.

“Amerika Birləşmiş Ştatları bir müddət əvvəl Cənubi Qafqazda Gürcüstanla əməkdaşlığı eləmək istəyirdi. Sonra Gürcüstan və Ermənistanla, amma indiki halda konkret seçim edib, Azərbaycan və Ermənistanla əməkdaşlığa üstünlük verib. Bu fürsətdən həm Amerika Birləşmiş Ştatları, eyni zamanda Ermənistan və Azərbaycan fürsətdən yararlanacaqlar”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
bizimyol.info

1Mənbələr